Dekabrın 20-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində növbəti astroseminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının direktoru, müxbir üzv Namiq Cəlilov seminar haqqında məlumat verib.
Sonra rəsədxananın “Ulduz atmosferləri fizikası və maqnetizm”şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Sabir Əliyev “CP-maqnit ulduzlarında fotometrik dəyişkənliklərinin müşahidə olunan xüsusiyyətləri” (S.H.Əliyev,V.M.Xəlilov, Z.M.Alışova) mövzusunda məruzəsini təqdim edib.
Məruzəçi bildirib ki, təqdim olunan işdə 40-a qədər müxtəlif tipli CP–maqnit ulduzlarının parlaqlıqlarının fazadan asılılıqları qurularaq parlaqlıq dəyişkənlik xüsusiyyətləri təhlil edilib: “müəyyən olunub ki, B0–F0 sinif müxtəlif pekulyarlıq tipli CP–maqnit ulduzlarının parlaqlıqlarının faza asılılıqları əsasən 3 (üç) qrupa bölünür: 1) Parlaqlığın dəyişmələri müşahidə edilən bütün dalğa intervalında (3400A – 8000 A) eyni faza ilə dəyişənlər; 2) Parlaqlığın dalğa uzunluğundan asılı olaraq ll4800A–5500A intervalında minimuma (bəzən sıfra) qədər azalanlar; 3) Parlaqlığın dalğa uzunluğu ~ l<5000A və l>5500A dalğalarda əks faza ilə dəyişənlər”.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.