Oktyabrın 11-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirədddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib.
Tədbiri rəsədxananın Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
İclasda ŞAR əməkdaşlarının Beynəlxalq Astronavtika Konqresi çərçivəsində fəaliyyətlərinin yekun nəticələri müzakirə edilib, konqresdə iştirak edən astronomlarla qurulacaq perspektiv əməkdaşlıqların aspektləri haqqında danışılıb.
Sonra ŞAR-ın xarici elmi ezamiyyətdən qayıdan əməkdaşı - “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının Sədri Aynurə Həsənovanın hesabat çıxışı dinlənilib. O, Çexiyanın Ondrejov Rəsədxanasında təşkil olunan “Müşahidə Texnikaları Vörkşopu - 2023” (Workshop on Observational Techniques - 2023) adlı beynəlxalq vörkşop çərçivəsində elmi ezamiyyəti dövründə olan fəaliyyəti haqqında danışıb. Hesabat dinlənildikdən sonra çıxışçı tərəfindən şura üzvlərinin sualları cavablandırılıb və hesabat qəbul olunub.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.