Çandrayan missiyası çərçivəsində Aydan fotolar və Ay səthinin temperaturu haqqında məlumatlar gəlməkdədir. Belə ki, Ay səthinin Praqyan roveri tərəfindən çəkilmiş fotoları artıq paylaşılıb. Fotolardan birində roverin təkərlərinin izi, digərində isə krater görünür. 27 avqustda diametri 4 metr olan bu krater səbəbindən Praqyan yolunu dəyişib və hal-hazırda təyin olunmuş marşrut üzrə hərəkət edir. Missiya zamanı həmçinin, 10 sm dərinliyə kimi temperaturun dəyişməsi ölçülmüşdür. Əvvəllər hesab olunurdu ki, Ayın səthi 20⁰-30⁰ C-yə kimi qızır, lakin alınan məlumatlarda temperaturun təxminən 70⁰ C-yə kimi artdığı məlum olub.
Qeyd edək ki, 23 avqustda Vikram modulu Aya yumşaq eniş edib və Praqyan roveri Ayın səthinə buraxılıb. Ayda cazibə qüvvəsi Yerdən zəif olduğuna görə enmə zamanı qalxan tozun yatması üçün gözləmək lazım olub.
Vikram - enmə modulunda süxurların temperaturunu ölçmək üçün zond (ChaSTE), seysmoqraf, Ay səthində plazmanın sıxlığını və dəyişkənliyini ölçmək üçün Lenqmur zondu, məsafənin dəqiq təyini üçün lazer retrorefrektor və mikrorefrektor quraşdırılıb.
Praqyan roverinin çəkisi 26 kq, sürəti 36 m/saat-dır. Roverdə 2 kamera və 2 cür cihaz yerləşdirilib. Cihazlardan biri lazer spektrometri-buxarlanmış maddənin spektrinə əsasən kimyəvi tərkibi təyin edir, digəri isə alfa-rentgen spektrometri (APXS) - süxurların kimyəvi tərkibini təmasla və rentgen flüoresensiyası vasitəsilə təyin edir. Enmə modulu və roverin eksplutasiya müddəti ilkin olaraq 1 Ay günü ( ~14 Yer sutkası) nəzərdə tutulub.
Çandrayan proqramı Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (İSRO) tərəfindən hazırlanmışdır. Proqram çərçivəsində 3 missiya həyata keçirilmişdir. Çandrayan-1 missiyası 22 oktyabr 2008-ci ildə baş tutub və “Moon İmpact Probe” zondu Ayətrafı orbitə daxil olub. Missiyanın müddəti 2 il nəzərdə tutulsa da, 10 aya başa çatmışdır. “Moon İmpact Probe” Ayın Cənub qütbü ətrafında sərt enmə etmişdir. Çandrayan-2 (22 iyul 2019) missiyası isə uğursuz olmasına baxmayaraq, bu dəfə modulun enməsində məhz Çandrayan-2 orbiterindən istifadə olunmuşdur. Sonuncu Çandrayan-3 (14 iyul 2023) missiyası çərçivəsində Vikram modulu Ayın Cənub qütbü yaxınlığında yumşaq enmə edərək tədqiqatlara başlayıb. Çandrayan proqramının məqsədi Ayda faydalı qazıntılar və qütbləri yaxınlığında buzun axtarışıdır. Qütblərin yaxınlığındakı böyük kraterlərin dibi daimi kölgə olduğundan, orada buz olması ehtimalı var. Buzun axtarışı gələcəkdə Ayda məskunlaşma üçün vacib faktorlardan biridir.
Onu da qeyd etmək lazımdır ki, Çandrayan-3 missiyası zamanı Praqyanın Ayın səthinə enməsi ilə Hindistan Aya yumşaq enən 4-cü ölkə olub və Ayın Cənub qütbü ətrafına yumşaq enmə reallaşdıran ilk ölkə olub. Çandrayan proqramı davam edir, 4-cü missiya hazırlıq mərhələsindədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.