Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı artaraq M və X sinif alışmalar baş vermişdir. Son maksimum sinifli alışma - X 1.08 (R3) 2 iyulda qeydə alınmışdır. Alışmaya bağlı CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) müşahidə olunmamışdır. Hal-hazırda Günəşin səthində 7 ləkə qrupu və 126 ləkə müşahidə olunur. Hesabat dövrü ərzində Günəş fəallığı nəticəsində II və IV tip radioemissiya, 29 iyunda II dərəcəli qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alınmışdır. Günəşin səthində Tac dəlikləri müşahidə olunur, bu Tac dəlikləri geoeffektiv deyil.
Enerjisi 2 MeV-dən çox olan elektron yüksək səviyyədə (maks: 3512 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Günəş küləyi hesabat dövründə sürətlənmiş, maksimum sürət 646 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 12 nT, radial istiqamətdə isə -10 nT-yə çatmışdır. Hal-hazırda isə Günəş küləyinin sürəti 404 km/san planetlərarası maqnit sahəsinin qiyməti 5.05 nT, radial istiqamətdə isə 0.98 nT təşkil edir.
Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit və qeyri-stabil səviyyələrdə olmuş, 25 iyunda qısa müddətli G1 (zəif) geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=2).
Kosmik hava proqnozu – Proqnoz günlərində (03-09 iyul) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif isə 10% təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin sakit və orta səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 3354 oblastındakı fəallıqla əlaqədar olaraq S1 səviyyəsinə qalxacağı ehtimal olunur.
Günəş küləyinin sürətinə 04-05 iyulda mənfi qütblü CH HSS-in (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) zəif təsiri gözlənilir.
Geomaqnit sahəsinə də 04-05 iyulda mənfi qütblü CH HSS-in təsiri, həmçinin 09 iyulda Kp indeksinin 4-ə yüksəlməsi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.