Alimlər Süd Yolu qalaktikasının mərkəzində yerləşən superkütləli qara dəliyə doğru hərəkət edən obyekt aşkar edib.
Qeyd edək ki, şərti olaraq X7 adlandırılan bu obyekt, əslində tədqiqatçılar tərəfindən 20 ildir ki, müşahidə edilir, onun necə yarandığı, qeyri-adi quruluşu və sürətli təkamülü araşdırılır.
Süd Yolu Qalaktikasının mərkəzindəki superkütləli qara dəliyin (Sgr A*) yaxınlığında yerləşən obyekt qısa müddətdə təkamül etdiyi üçün alimlərin marağına səbəb olub. Kaliforniya Universiteti və Kek Rəsədxanasının alimləri tərəfindən aparılan yeni araşdırma, X7-nin iki ulduzun toqquşması zamanı yaranan toz və qaz buludu ola biləcəyini göstərir.
Qara dəliklərin yaxınlığında 2 ulduzun birləşməsi tez-tez rast gəlinən haldır, bu zaman qaz buluduna bənzəyən, lakin özünü ulduz kimi aparan G obyekti yaranır. X7 isə bu tip obyektlərdən daha sürətli təkamül etdiyindən onun iki ulduz toqquşan zaman atılan qazdan yarandığı irəli sürülür.
Belə ki, SgrA* qara dəliyinin təsiri ilə bulud qabarma qüvvəsi tərəfindən getdikcə dartılır və növbəti 10 illikdə tamamilə parçalanması gözlənilir. Tədqiqat qrupu qeyd edir ki, obyekt çox sürətlə təkamül edir və dartılaraq komet formasını almaqdadır. Əvvəlcə onlar düşünürdülər ki, buna səbəb ulduz küləkləri ya da, qara dəlikdən atılan jetlərdir. Lakin müşahidə müddətində onun daha da uzandığını və məxsusi istiqamətinin olduğunu müşahidə etdilər. X7, 50 Yer kütləsinə malikdir və Sgr A*-nın ətrafında 170 ilə dövr edir. Məxsusi hərəkətə malik olan X7, G obyektlərindən daha sürətli 700 mil/san sürətlə hərəkət edir.
Komanda obyektin hərəkət trayektoriyasına əsaslanaraq, onun 2036-cı ildə Sgr A*-ya maksimum yaxınlaşacağını və qara dəlik tərəfindən tamamilə sovrulacağını düşünürlər.
Obyektin tədqiqatları Kek Rəsədxanası ilə birgə davam etdiriləcəkdir. Qalaktikanın mərkəzindəki ekstremal mühiti öyrənmək üçün bu çox yaxşı numünədir.
Tədqiqat işi ilə bağlı məqalə "The Astrophysical Journal"da dərc olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.