AMEA Radiasiya Problemləri İnstitutunda AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə birgə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin ruhunu bir dəqiqəlik sükutla yad edib.
Tədbiri giriş sözü ilə açan Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov ümummilli liderin həyat və fəaliyyəti, həmçinin Azərbaycan xalqı və dövlətinin tarixində müstəsna rolundan danışıb. Bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimizdir.
O.Səmədov qeyd edib ki, 12 Dekabr 2003-cü ildən bəri ötən zaman kəsiyi də ümummilli liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu olub. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev istər övlad, istərsə də bir millətin təmsilçisi, sərkərdəsi olaraq Heydər Əliyev ucalığının bir təcəssümü, Azərbaycanı regionda lider dövlətə çevirmiş və dünya arenasında mühüm söz sahibi etmiş uzaqgörən ölkə başçısı, millətinin həqiqi lideridir.
Sonra çıxış edən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, ulu öndər Heydər Əliyev siyasi yolu, dünya tarixindəki yeri və Azərbaycançılıq idologiyası haqqında tədbir iştirakçılarına məlumat verib. N.Cəlilov qeyd edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan Respublikasının memarı ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Daha sonra çıxış edən Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva vurğulayıb ki, dahi Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaradıb.
Xalqımızın və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaltmış, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görmüş ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin hər səhifəsi, hər mərhələsi Azərbaycan tarixinin yüksəliş mərhələləri ilə üst-üstə düşür. Əbədiyaşar liderin ömrünün hər günü Azərbaycan xalqına, millətinə, dövlətinə xidmət etmənin müqayisə edilməz örnəyi olub.
Tarixi gerçəklik ondan ibarətdir ki, Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının reallaşmasına çalışan ulu öndər Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün əlindən gələni əsirgəməməyib.
Doğma Azərbaycanımız əbədiyyətə qədər ulu öndərin yolu ilə irəliləyəcəkdir.
Daha sonra çıxış edən Şamaxı Astrofizika Rəsədxanasının “İnformasiya, Kommunikasiya texnologiyaları və Təşkilat“ şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamal Hüseynov, RPİ-nin “Radiokimya” laboratoriyasının müdiri, kimya elmləri doktoru Xaqani Məmmədov və digər natiqlər ümummilli lider Heydər Əliyev fenomeninin Azərbaycan tarixindəki əvəzolunmaz xidmətlərindən, xalq və dövlət sevgisindən danışmış, bu dahi şəxsiyyətin xalqımızın yaddaşında daima yaşayacağını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.