10 may 2023-cü il tarixdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Biofizika İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar "Heydər Əliyev - Azərbaycan elminin hamisi və qurucusu" mövzusunda elmi sessiya keçirilib. Sessiyada hər iki qurumun elmi heyəti ilə yanaşı, Şamaxı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatının və Şamaxı Rayon Təhsil Şöbəsinin nümayəndələri də iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Şamaxı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Elmi sessiya Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, müxbir üzv Namiq Cəlilov tədbiri giriş sözü ilə açaraq müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin çiçəklənməsində xidmətlərindən, eyni zamanda elmə və elm adamlarına diqqət və qayğısından, elmi tərəqqinin təşviqinə verdiyi töhfələrdən danışıb. Alim bildirib ki, Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişafına, bu sahədə mövcud olan problemlərin kompleks şəkildə həllinə xüsusi həssaslıqla yanaşmışdır. Dünyanın aparıcı ölkələrinin təcrübəsindən bəhrələnərək milli elm və təhsil sisteminin təşkilinə, eyni zamanda bu iki sahənin uğurlu inteqrasiyasına nail olmuşdur. Zəngin tarixi ənənələrə malik Azərbaycan elminin təkcə SSRİ miqyasında deyil, dünyada cərəyan edən elmi proseslərə inteqrasiya edən, iqtisadiyyatın bu və ya digər sahəsinə tətbiq olunan çoxsaylı uğurları əsasən Ulu Öndərin rəhbərliyi dövrünə təsadüf edir. Məhz Heydər Əliyevin həyata keçirdiyi dövlət əhəmiyyətli strateji siyasətin nəticəsi olaraq neft və qaz sahəsində müxtəlif elmi problemlərin həllinə, həmçinin neft-kimya sənayesinin inkişafına nail olunmuş, aparılan coğrafi, geoloji və geofiziki tədqiqatlar öz əməli bəhrəsini vermişdir. Həmin dövrlərdə Azərbaycançılığın ən mühüm komponenti, milli varlığın qarantı olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirilmişdir. Energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika və digər sahələrdə fundamental tədqiqatların aparılması, nüfuzlu elmi məktəblərin yaradılması üçün taleyüklü qərarlara imza atılmışdır.
Namiq Cəlilov qeyd edib ki, Şamaxı Astrofizika Rəsədxanasının dünya rəsədxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulması, ümumilikdə Azərbaycanda kosmik sənayenin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1974-cü ilin sentyabrında Rəsədxanaya gələrək alimlərlə görüşmüş, elm adamlarının iş fəaliyyəti ilə maraqlanmış, problemləri ilə yaxından tanış olmuş, elm ocağının fəaliyyətini daim diqqət mərkəzində saxlamışdır. Eyni zamanda rəsədxanada elmi - tədqiqat aparan alimlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 5 mərtəbəli 40 mənzildən ibarət olan bina da Ulu Öndərin göstərişi ilə tikilmişdir. Rəsədxanaya hər bir səfəri böyük maraqla qarşılanan Heydər Əliyevin zamanında verdiyi sərəncamlar indi də öz bəhrəsini verməkdədir. Ümummilli Liderin göstərişi ilə ilk dəfə olaraq 1976-cı ildə indiki Bakı Dövlət Universitetində astrofizika kafedrası yaradılmışdır. Hazırda rəsədxanada çalışan alimlərin əksəriyyəti həmin kafedranın məzunlarıdır. Ümummilli Liderin rəsədxananın inkişafına yönələn digər məqsədyönlü sərəncamları da uğurla həyata keçirilmişdir. Məhz Heydər Əliyevin göstərişi ilə bir çox nazirlik və dövlət komitələri tərəfindən rəsədxanaya bütün zəruri köməklik göstərilmişdir. Ulu Öndərin diqqət və qayğısı nəticəsində 1970-81-ci illərdə rəsədxananın nüfuzu beynəlxalq aləmdə sürətlə artmış, elmi-texniki və intellektual səviyyəsi yüksək zirvəyə qalxmışdır.
Sonra Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımlı çıxış edərək, Heydər Əliyevin siyasi fəaliyyətinin aspektlərindən danışıb. O, qeyd edib ki, müasir Azərbaycan tarixində milli özünüdərkin, Azərbaycançılıq məfkurəsinin təşəkkül tapması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev özünün fenomenal idarəçilik bacarığı və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu və uğurlu fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.
Açılış mərasimindən sonra elmi sessiyaya keçid edilib. Elmi sessiyada ŞAR Elmi Kitabxanasının müdiri Lalə Səlimzadə, “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri f.r.ü.f.d, dosent Canməmməd Rüstəmov, “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin aparıcı elmi işçisi, a.ü.f.d Həmayil Adıgözəlzadə, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Aynurə Həsənova, Biofizika institutunun “Ekoloji biofizika” laborotoriyasının böyük elmi işçisi, b.ü.f.d., dosent Ruhiyyə Quliyeva, GAMŞ-ın sədri Mətanət Baxışova, “Biomolekulların strukturu, dinamikası və funksiyası” laborotoriyasının kiçik elmi işçisi Aidə Məmmədzadə müvafiq olaraq, “Heydər Əliyevin Azərbaycan elminin inkişafına böyük qayğısı”, “Marağa rəsədxanasının astronomiya elminə gətirdiyi yeniliklər”, “Cavan ulduzlar və onların fiziki fiziki xassələri”, “B və A spektral sinifli ifratnəhəng ulduzların atmosferində qeyri-stasionar proseslər”, “Canlı orqanizmlərin kosmosla əlaqəsinin peroksiredoksin bioritmləri ilə tənzimlənməsi”, “Xərçəng xəstəliyi və onunla mübarizə metodları”, “Amiloidlərin əmələ gəlməsi və onların insan orqanizmi üçün fəsadları” mövzuları üzrə məruzə ilə çıxış ediblər.
Çıxışlar ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.
Elmi sessiyanın yekununda məruzəçilərə sertifikatlar təqdim edilib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra isə qonaqların əvvəlcə ŞAR-ın muzeyinə və sonra isə 2 metrlik teleskop binasına ekskursiyası təşkil edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.