Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin kiçik elmi işçisi Nurlan Şərəfxanov “ER=EPR (Einstein-Rosen = Einstein-Podolsky-Rosen)” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda ER = EPR haqqında müxtəlif müəlliflərin araşdırmaları barədə geniş məlumat verib. O, qeyd edib ki, ER = EPR fizikada iki dolaşıq hissəciyin (Einstein-Podolsky-Rosen və ya EPR cütü) bir soxulcan dəliyi (Eynşteyn-Rozen körpüsü) ilə bağlılığını ifadə edən fərziyyədir və belə hesab edilir ki, bu, ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikasını “Hər şeyin nəzəriyyəsi”ndə (The Theory of Everything) birləşdirmək üsuludur.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.