Bütün dövrlərdə tutduğu mühüm mövqe ilə seçilən qadınlar cəmiyyətin dəyərli nümayəndələri kimi qiymətləndirilib. Xüsusən də, Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, ailəyə, vətənə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb. Həm ləyaqətli həyat yoldaşı, həm görkəmli ictimai xadim, həm də təmsil olunduğu sahədə özünü peşəkar mütəxəssis kimi təsdiq edən qadınlarımız kişilərlə çiyin-çiyinə fəaliyyət göstərirlər. Onların idarəçilikdə təmsil olunması, fəallığının artırılması, problemlərinin həllinə yönəlmiş əməli tədbirlərin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq bu gün də dövlət başçımız tərəfindən davam etdirilir. Qadınlarımızın hüquqlarının təmin olunması, özünü cəmiyyətdə təsdiqi və müxtəlif fəaliyyət sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılıb. Hazırda qadınlarımız dövlət strukturlarında, parlamentdə, ictimai və siyasi təşkilatlarda uğurla təmsil olunur.
Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə, mədəniyyət, elm və təhsil həmişə ön sıralarda olub. Sevindirici haldır ki, bu gün elmdə bilik və bacarığı ilə seçilən qızlarımızın sayı gündən-günə artmaqdadır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında da xanım əməkdaşlarımız elmə bağlılığı, fəallığı ilə seçilir. Müəssisəmizin magistratura pilləsində təhsil alan gənc qızlarımız da uğurla elmi tədqiqatlarını davam etdirir, bəziləri isə magistr dərəcəsinə yiyələnərək artıq elmi müəssisənin əməkdaşı kimi fəaliyyətini davam etdirir.
Qadınların təhsildə və elmdə iştirakının inkişafı ilə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi diqqət və qayğı ilə yanaşır. 2021-ci il il ICESCO tərəfindən “Qadınlar ili” elan edilmişdi və Mehriban xanım həmin tədbirdə çıxış edərək Azərbaycanın 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşdüyünü və müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin də məhz azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə Bakıda yaradıldığını xatırlatmışdı. Qızların təhsili və onların elm sahəsində iştirakının zəruriliyini qeyd edərək dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizinin qızlar olduğunu və ölkəmizdə bu rəqəmin 40 faiz, yəni orta dünya göstəricisindən artıq olduğunu vurğulamışdı.
Qürurverici haldır ki, Azərbaycanın görkəmli siyasi və dövlət xadimləri kimi tarixdə böyük iz qoyan qadınları var. Öz şücaəti və mərdliyi ilə seçilən xanımlarımızın arasında diplomat, hökmdar, hətta sərkərdə və döyüşçülər var. Tarixi xəzinəmiz olan “Kitabi-Dədə Qorqud”da kişilərlə qoşa yay atan, qurşaq tutub güləşən, gözəlliyi ilə yanaşı, şücaəti ilə seçilən Burla xatun, Banu Çiçək, Selcan xatun kimi qəhrəman qadınlarımız haqqında hər birimiz oxumuşuq. Qəhrəman hökmdar qadınlar Tomris və Nüşabə xanımın, Fətəli xanın həyat yoldaşı Tuti Bikənin, Möminə xatunun, müdrikliyi və iti zəkası ilə məşhur olan Xan qızı Natəvanın xatirəsi hər zaman böyük ehtiramla anılır. Eyni zamanda elmə bəxş etdiyi töhfələrlə yadda qalan akademiyanın ilk azərbaycanlı qadın üzvü olan Validə Tutayuq, Azərbaycanın ilk riyaziyyatçı alimi Maya Hacıyeva akademik Zərifə Əliyeva, Aida İmanquliyeva kimi neçə-neçə dəyərli alimimiz öz sahələrində elmi məktəblərin təməlini qoyub.
Mübariz və fədakar Azərbaycan qadını daim qanlı müharibələrdə kişilərlə bərabər böyük rəşadət göstərib, qələbənin təmin olunmasında canlarından keçiblər. Onların arasında qadın təyyarəçilər, dənizçilər, səhiyyə və rabitə işçiləri olub. Elə II Dünya müharibəsində alman faşizmi üzərində qələbəyə də qəhrəman Azərbaycan qızları öz töhfələrini veriblər.
Azərbaycan qadını qəhrəmanlıq mübarizəsini 80-ci illərin sonu və 90-ci illərin əvvəllərində də göstərməli olub. Erməni qəsbkarları 1988-ci ildə torpaqlarımıza təcavüz etməyə başladıqları andan Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda, eləcə də tarixi həqiqətləri dünyaya çatdırmaq üçün mübarizə aparıb. Onların arasında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Salatın Əsgərova, Gültəkin Əsgərova, vəfatından sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Qaratel Hacımahmudova kimi qadın Şəhidlərimiz var. Bu qəhrəmanlıq salnaməmizə 2020-ci ildə yeni şərəfli səhifələr yazıldı. Xaçmaz rayonu Qımılqışlaq kənd sakini, hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman həlak olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.
Ümumiyyətlə, Azərbaycan xanımları ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. Fədakarlığı və mübarizliyi ilə seçilən Analarımız cəsur, mərd oğullar böyüdərək II Qarabağ müharibəsində xeyir-dua ilə cəbhəyə göndərdilər. 44 günlük haqq savaşında qazandığımız şanlı zəfərə məhz Vətənimizi dərin məhəbbətlə sevən Azərbaycan qadınının böyütdüyü qəhrəman oğullarımızın rəşadəti sayəsində nail olduq. Tarixi zəfərimizə görə Şəhidlərimizin və sağlamlığını itirmiş hərbçilərimizin analarına və xanımlarına, vətənpərvər övladlar böyüdən əsgər analarına minnətdarıq!
Dünyanı gözəllik xilas edəcək deyib aqillərimiz. Azərbaycan qadınları həm gözəlliyi, şücaəti, həm də ailəsinə bağlılığı ilə seçilir. Bütün xanımlarımızı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, cansağlığı, ailə səadəti və uğurlar arzulayırıq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.