Noyabrın 29-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində növbəti astroseminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev seminar haqqında məlumat verib.
Sonra rəsədxananın “Qoşa ulduzlar və eruptiv proseslər”şöbəsinin elmi işçisi Səbinə Məmmədova astronomiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “UX Orion tipli WW Vul ulduzunun spektral və fotometrik xüsusiyyətləri”mövzusunda (dissertasiya işi üzrə) məruzə ilə çıxış edib.
Məruzəçi qeyd edib ki, UX Orion tipli cavan ulduzların özünəməxsus xüsusiyyətlərindən biri onların parlaqlığının qəflətən zəifləməsi – tutulma baş verməsidir: “Bu tutulmanın nə zaman baş verəcəyi məlum deyil. Parlaqlığın belə ekstremal vəziyyətlərində bu cavan ulduzların spektral xüsusiyyətlərinin tədqiqi, ulduzəmələgəlmə prosesinin çox mühüm mərhələsində olan bu ulduzlarda gedən fiziki proseslərin başa düşülməsində önəmli rol oynaya bilər”
S. Məmmədova vurğulayıb ki, məruzə WW Vul ulduzunda baş vermiş belə bir tutulma müddətini əhatə edən dövrdə (2006-2010-cu illərdə) ŞAR-ın 2 m-lik teleskopunda müasir işıqqəbuledicisi – CCD matrisa ilə təchiz edilmiş eşele sektroqrafda alınan spektrlərin analizinə həsr olunub.
O, spektrlərin işlənməsindən alınan nəticələrin ulduzun fotometrik halı ilə müqayisəli analizi nəticəsində tutulmadan sonra ulduzun spektrində hidrogenin Ha xəttinin profilinin dəyişkənlik rejimində fərq aşkar olunduğunu, tutulma zamanı ulduzun spektral dəyişkənlik mənzərəsini dəyişən əlavə bir mexanizmin işə düşdüyünü qeyd edib.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.