Fevral ayının 9-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi Aynurə Həsənova “N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında alınan Eşelle spektrlərin IRAF proqram paketi vasitəsilə ilkin emalı metodikası” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda bildirib ki, IRAF (Image Reduction and Analysis Facility) Milli Optik Astronomiya Rəsədxanalarında (National Optical Astronomy Observatories) yaradılmış və astronomların istifadəsi üçün təqdim olunmuş, daim inkişaf etdirilən müxtəlif növ astronomik müşahidə materiallarının işlənməsi və analizi vasitəsidir. UNIX və oxşar əməliyyat sistemlərində tətbiq oluna bilən IRAF proqram paketi başqa elm sahələrində çalışan tədqiqatçılar tərəfindən də ümumi təsvirlərin emalı üçün istifadə edilir. IRAF proqram paketində sistem və tətbiq proqramlarının hər birinə tapşırıq (task), oxşar işləri həyata keçirən proqramların əmələ gətirdiyi proqramlar qrupuna paket (package) adı verilir. Paketlər istifadəçiyə məntiqi işlərlə əlaqədar eyni növ proqramları istifadə etmək imkanı verir. Tapşırıqların parametrləri əmr və gizli parametrlər olmaqla iki növə ayrılır. Hər bir tapşırıq bir paketin və ya alt-paketin içərisində yerləşir. Bu səbəbdən tapşırıqların işə salınması ağac mexanizmi ilə həyata keçirilir. Aynurə Həsənova qeyd edib ki, IRAF proqram paketinin Şamaxı Astrofizika Rəsədxanasının 2-m teleskopunda alınmış spektrlərə tətbiqi spektrlərin emalının sürətlənməsi və dəqiqliyinin artırılması cəhətdən mühüm əhəmiyyət kəsb edir.
Bu nöqteyi nəzərdən IRAF proqram paketi vasitəsilə HD187982 ifratnəhəng ulduzunun 4 iyun 2020-ci il tarixində ŞAR-ın 2-metrlik teleskopunun kasseqren fokusunda optik lifli kasseqren eşelle spektroqrafında quraşdırılmış 4000х4000 ölçülü YƏC kamerasında R=28000 ayırdetmə ilə alınmış spektrləri emal olunmuşdur. Aydın olmuşdur ki, IRAF proqram paketinin tətbiqi zamanı spektrlərin emalının bəzi mərhələləri avtomatlaşdırılmış olduğundan emal prosesi daha qısa müddətə tamamlanır. Həmçinin, IRAF proqram paketi ilə işlənmiş spektrlər digər beynəlxaq səviyyəli astronomik dataların emalı proqramlarında asanlıqla təkrar emal oluna bilər.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışın sonunda mövzu ətrafında geniş müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.