Məlum olduğu kimi, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Təbii fəlakət çoxsaylı insan tələfatına və dağıntılara səbəb olub.
Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Həmkarlar İttifaqının təşkilatçılığı ilə ŞAR-ın Bakı və Şamaxı bölmələrində keçirilən tədbirdə də son günlər qardaş ölkədə baş verən zəlzələnin yol açdığı dəhşətli hadisələrin ölkəmizin elm adamlarını, o cümlədən astronomlarını dərindən sarsıtdığı ifadə olunub.
Öncə faciə nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, qardaş ölkədə baş verən bu hadisə ölkəmizi dərindən sarsıdıb, böyükdən-kiçiyə bütün xalqımızı kədərləndirib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi yaradıb, Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olaraq həlak olanlarla bağlı dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib. Dövlət başçımızın da qeyd etdiyi kimi, Türkiyə xalqının kədəri bizim kədərimizdir. Ümumiyyətlə, bir millət, iki dövlət olaraq Azərbaycanla Türkiyə hər zaman həm sevincini, həm də kədərini bölüşüb. Bu çətin günlərdə də dövlətimiz faciənin fəsadlarının aradan qaldırılması üçün bütün gücünü səfərbər edir, xalqımız el birliyi ilə həmrəylik nümayiş etdirir. Faciədən zərər çəkmiş vətəndaşlara kömək üçün həkimlər, xilasedicilər, könüllülər və humanitar yardımlar göndərilir. Eyni zamanda insanların zərərçəkən ailələrə gətirdikləri lazımi əşyalar yük maşınlarına doldurularaq fəlakət zonasına doğru yola salınır.
Bildirilib ki, baş verən fəlakətlə bağlı önəmli nüanslardan biri də ölkənin seysmik ərazidə yerləşməsidir. Bu səbəbdən zəlzələ ətraf ərazilərdə də hiss olundu. Yerləşdiyi coğrafi mövqeyinə görə, Türkiyə ilk dəfə deyil ki, güclü zəlzələ ilə üzləşir. Lakin üç gün öncə baş verən təbii fəlakət bu ölkədə son yüzillikdə, daha dəqiq desək 1939-cu ildən etibarən görülmüş ikinci ən büyük və şiddətli zəlzələ hesab olunur. 84 il əvvəl Ərzincan şəhərində baş verən 7,8 maqnitudalı zəlzələ nəticəsində 30 min insan həlak olmuş, 100 min nəfər yaralanmışdır. Elmi-texniki tərəqqi digər sferalara olduğu kimi, bu sahəyə də təsirsiz ötüşməyib. Lakin çox təəssüf ki, bu kimi təbiət hadisələri ilə bağlı dəqiq proqnoz vermək və əvvəlcədən insan tələfatının, dağıntıların qarşısını almaq qeyri-mümkündür. Türkiyədə zəlzələ əleyhinə tədbirlər görülsə də son günlərdə baş verən 7.7 ve 7.6 bal gücündəki bu iki zəlzələ yerli və xarici seysmoloqlar üçün gözənilməz oldu. Mütəxəssislərin fikrincə, İstanbul, İzmir və Şərqi Anadolu bölgəsi kimi böyük şəhərlərin ətrafındakı ərazilər də daxil olmaqla ölkənin bəzi hissəsi riskli zonalar hesab olunur.
Bir neçə gün əvvəl yaşanan faciə nəticəsində həlak olanların, yaralıların və hələ də axtarışda olanların sayının hər gün daha da artması isə fəlakətin məhz əhalinin məskunlaşdığı ərazidə baş verməsi ilə izah olunur. Böyük itkilərə səbəb olan kədərli faktorlardan biri də hadisənin sübh çağından iki saat əvvəl baş verməsi oldu. İnsanlar yuxudaykən evləri dağıntıya məruz qaldı və bu səbəbdən onlar bu təhlükədən sıyrılmağa macal da tapa bilmədilər. Ümumiyyətlə, seysmik olaraq aktiv olan ərazilərdə rəsmi qurumlar tərəfindən mütəmadi olaraq zəlzələ əleyhinə maarifləndirici ehtiyat tədbirlərinin görülməsi zəruridir. Yəni müvafiq bölgə sakinlərinə zəlzələ və digər təbii fəlakətlər zamanı müdafiə tədbirlərilə bağlı təlimlərin təşkili, zəruri əşya və ləvazimatların tədarük edilməsilə və ilkin tibbi yardımla əlaqədar maarifləndirmə işləri həyata keçirilməlidir. Seysmik ərazilərdə yaşayış binalarında daha innovativ, kreativ dizaynların edilməsi və digər qabaqlayıcı tədbirlərin görülməsi üçün tədqiqatlar aparılmalıdır.
Tədbir iştirakçıları Azərbaycan astronomları adından Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət diləyərək, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veriblər. Faciə zamanı yaralananlara və xəsarət alanlara tezliklə sağlamlıqlarına qovuşmağı arzulayıblar.
Sonda zəlzələdən zərərçəkənlərə maddi yardımın edilməsi barədə qərar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.