Ötən əsrin 80-ci illərinin sonlarında ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda xalqımızın milli azadlıq hərəkatı, tarixi ədalətsizliyi bərpa edib istiqlalına qovuşmaq istəyi sovet imperiyasını sözün əsl mənasında həm lərzəyə salmış, həm də narahat etmişdir. Müstəqilliyimizi heç bir vəchlə həzm edə bilməyən imperiyanın xüsusi xidmət orqanları isə məkrli plan cızaraq 1990-cı ildə 20 Yanvar qırğınını həyata keçirdi. Həmin gecə öz hüquqları uğrunda mübarizəyə qalxmış əliyalın xalq, dinc əhali sovet ordusunun zirehli tankları, tərkibində muzdlu əsgərlərin, erməni daşnaqlarının da olduğu xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi. Ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Bu vəhşiliyə məruz qalan oğul və qızlarımız o qanlı gecədə rus ordusunun müşaiyət etdiyi tankların qarşısına çıxaraq şəhidlik zirvəsinə yüksəldi. O anlaşılmaz şəraitdə, çətin günlərdə uzun illər sovet imperiyasının əsarətində yaşayaraq oğullarını onun ordusunun sıralarında xidmət etməyə göndərən ata-analarımız öz torpağında elə həmin ordunun törətdiyi vəhşiliklə üzləşdi.
Əslində isə bu düşmənçiliyin kökləri keçmiş zamanlara təsadüf edirdi. Riyakar sovet imperiyasının yürütdüyü şovinizm siyasətinin əməli nəticəsi idi. O gecə baş verən qanlı cinayət azərbaycanlıların əzəli, tarixi torpaqlarından, İrəvandan daha bir kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayaraq SSRİ rəhbərliyinin daşnaqçı ermənilərin mənfur ideologiyasına aşıq-aşkar havadarlıq etməsinin sübutu idi. Bu növbəti qanlı cinayət idi, qədim yurd yerlərimiz Göyçə və Zəngəzurdan başlayaraq, Bağanis-Ayrımda, Əskiparada, Daşaltıda, Malıbəylidə və daha neçə el-obamızdan qovulan, kütləvi qətl və qırğınlara məruz qalan azərbaycanlılara qarşı yönəldilən daha bir mənfur planın başlanğıcı idi.
Həmin hadisələrin mahiyyətini uzaqgörənliklə yaxşı dərk edən Ulu Öndər Heydər Əliyev faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verdi və bu hadisələrdə əsas günahkar kimi o zamankı respublika və SSRİ rəhbərliyini, ilk növbədə Qorbaçovu ittiham etdi. Bu 20 Yanvar qırğınına verilmiş ilk siyasi qiymət idi. Onun təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar isə bu faciəyə dövlət səviyyəsində verilən tam siyasi-hüquqi qiymət idi. “Ümumxalq Hüzn Günü”nün elan olunması, “20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması, 20 Yanvar şəhidlərinin ailələri və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də Ümummilli liderin adı ilə bağlıdır.
Qeyd etdiyimiz kimi, otuz üç il öncə baş vermiş qanlı yanvar hadisəsi tariximizə təkcə faciə olaraq deyil, həm də xalqımızın milli müstəqilliyi, azadlığı uğrunda yenilməz mübarizəsini və sarsılmaz iradəsini əks etdirən qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Milli kimliyimizin formalaşmasına həlledici təsir göstərən bu hadisə dövlət müstəqilliyimizin bərpa edilməsində dönüş nöqtəsi oldu və Sovet İttifaqına ciddi zərbə vurdu. Şəhidlər Xiyabanında dəfn olunan ilk azadlıq carçıları isə müstəqilliyimizin bərpasının fədailəri oldular.
Bu hadisədən sonra milli iradəmizi sarsıda bilməyən rus imperiyasının himayəsi ilə Cənnət məkan adlandırdığımız, milli mədəniyyətimizin beşiyi olan Qarabağ torpaqları da işğala məruz qaldı, həm yenə də Şəhidlərimiz oldu, həm də yaralılarımızın sayı artdı. Bütün bunlara baxmayaraq xalqımız öz yurduna qayıdacağına inamını heç vaxt itirmədi. Nəhayət 30 ilə yaxın müddətdə işğal altında olan ata-baba yurdumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən azad olundu. Bu zəfər haqlı savaşımızda ədalətin, xalqımızla dövlət başçısının, ordumuzun birliyinin qələbəsi oldu.
Həmin ilin noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan Bəyanata hələ də əməl etməyən düşmən bu gün də öz məkrli həmlələrindən əl çəkmir. Lakin istər iqtisadi, istərsə də hərbi cəhətdən qat-qat aşağı səviyyədə qərarlaşan və həmişəki kimi özünü dünya ölkələrinə, beynəlxalq təşkilatlara məzlum xalq kimi göstərməyə çalışan erməni daşnaqlarının əsl simasını artıq bütün dünya gördü. Bu gün öz gülünc iddiaları ilə satirik janrda olan müxtəlif süjetlərin qəhrəmanına çevrilən ermənilər bir zamanlar Qərbi Azərbaycanda məskunlaşaraq o torpaqlarımızı da mənimsəmələri faktları ilə üz-üzədir.
Hazırda Qarabağda aparılan quruculuq işləri ilə bərabər həm də Qərbi Azərbaycana qayıdış strateji hədəfimizdir. Ölkə başçımızın da qeyd etdiyi kimi bu gündəlikdəki növbəti tarixi məsələdir. Məhz onun siyasi iradəsi və qətiyyəti Qərbi Azərbaycandan olan soydaşlarımızın əzəli tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacağına əminliyimizi artırır. Prezidentin ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı qətiyyətlə vurğuladığı kimi, bir zamanlar öz dədə-baba yurdundan deportasiya edilən yüzminlərlə vətəndaşımız da tarixi torpaqlarına qovuşacaqlar. Göründüyü kimi, Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışı qətiyyətlə gerçəkləşdirən Azərbaycan dövlətinin növbəti tarixi hədəfi qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qaytarmaqdır.
Hər il olduğu kimi bu il də 20 Yanvar faciəsinin ildönümündə təkcə respublikamızda deyil, dünyanın müxtəlif ölkələrində Azərbaycanın istiqlal fədailərinin xatirəsi dərin ehtiramla yad edilir anım mərasimləri təşkil olunur. Harada yaşamasından asılı olmayaraq böyükdən-kiçiyə hər kəs xalqımızın vətənpərvər övladlarını qürurla anır.
Ölkəmizin elm və təhsil ocaqlarında, o cümlədən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığını ifadə edən silsilə tədbirlər keçirilir, bu qanlı qırğınla əlaqədar həqiqətlər, tarixi təfərrüatlar bir daha dünya ictimaiyyətinə çatdırılır. Vətənimizin azadlığı, ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalmış istiqlal fədailəri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində yeni parlaq səhifə açaraq qəlbimizdə daimi məskən saldılar.
Şamaxı Astrofizika Rəsədxanasının kollektivi olaraq, müstəqilliyimizin yenidən bərpa edilməsi uğrunda fədakarlıq göstərən Şəhidlərimizi qürurla anırıq və onlara Allahdan rəhmət diləyirik!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.