Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2023-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edir:
Yaz fəsli - Yaz gecə-gündüz bərabərliyi - 21 Mart saat 01:24. Bu zaman Gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayır.
Yay fəsli - Yay günəş duruşu - 21 İyun saat 18:57. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa Gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san olacaq.
Payız fəsli - Payız gecə-gündüz bərabərliyi - 23 Sentyabr saat 10:49. Bu zaman Gecə ilə Gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayır.
Qış fəsli - Qış günəş duruşu - 22 Dekabr saat 07:27. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.
Qeyd edək ki, 7 iyul saat 00:07-da Yer Günəşə ən uzaq - 152 098 232 km məsafədən (afeli), 4 yanvar saat 20:17-də isə Günəşə ən yaxın - 147 098 290 km məsafədən (periheli) keçəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.