Noyabr ayının 5-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Zəfər gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirin rəsmi hissəsindən öncə ŞAR kollektivi Şamaxı şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarları önünə tər gül dəstələri qoyublar.
Rəsədxananın konfrans zalında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra isə 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra açılış nitqi üçün ŞAR-ın Baş direktoru, müxbir üzv Namiq Cəlilova söz verilib. Namiq Cəlilov bildirib ki, Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla siyasi meydanda danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışsa da, bu danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan isə işğalla barışa bilməzdi və barışmadı. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi, dünya üçün çox nadir inkişaf modelini yaratdı. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi, ordunun daxili tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olundu, Azərbaycan 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal etməyə başladı və ən müasir silahların ixracatçısına çevrildi. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlarda bütün dünyaya nümayiş etdirildi. Ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunu artırdı, bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi.
2020-ci il sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı bildirdi ki, - “Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.
Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”!
Xalqımızın vahid amal ətrafında dəmir yumruq kimi birləşməsi döyüş meydanında qələbə ilə ilə nəticələndi. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində isə 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. Bu münasibətlə Azərbaycan Prezidenti dekabrın 1-də xalqa müraciətində deyib: “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
Namiq Cəlilov vurğulayıb ki, Vətən müharibəsində zəfərin təmin olunmasını şərtləndirən amillər sırasında xalqımızın birliyi müstəsna rol oynadı. Siyasi və hərbi müharibənin getdiyi vaxtlarda, eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın Vətən müharibəsi günlərində nümayiş etdirdikləri həmrəylik və informasiya mübarizəsi hər cür xoş sözə layiqdir. Həmin günlərdə erməni diasporunun təsir dairəsinin kifayət qədər güclü olduğu ölkələrin iri şəhərlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin səsləndirildiyi çoxsaylı mitinqlərin, küçə yürüşlərinin keçirilməsinin asan olmadığını təsəvvür etmək çətin deyil. Lakin diaspor təşkilatlarımız güclü həmrəylik göstərərək planlaşdırdıqları tədbirlərin baş tutmasına nail olurdular. Soydaşlarımızın keçirdikləri belə tədbirlərin coğrafiyası da kifayət qədər geniş idi. Qardaş Türkiyə, Gürcüstan, Rusiya Federasiyası, Fransa, Almaniya, ABŞ və digər çoxsaylı ölkələr bu siyahıda yer alır. O cümlədən Şamaxı Astrofizika Rəsədxanasının kollektivi də müharibə dövründə bütün cəbhələrdə dəstəyini əsirgəməmişdir. Belə ki, həmin dövrdə Silahlı Qüvvələr Fonduna iyanə edilmiş, ordumuza daşınmalarda nəqliyyat dəstəyi göstərilmiş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların dünya elm ictimaiyyətinə çatdırılması üçün bütün beynəlxalq əlaqələr səfərbər edilərək 200-dən çox beynəlxalq təşkilata, 700-dən çox xarici elmi əməkdaşlara rəsmi mail ünvanlanaraq, münaqişənin real aspektləri onların diqqətinə çatdırılmışdır. Eyni zamanda rəsədxana kollektivindən 6 nəfər cəbhəyə yollanaraq döyüşlərdə iştirak etmiş və medallarla təltif olunmuşdur.
Çıxışın yekununda Namiq Cəlilov tədbir iştirakçılarını Zəfər günü münasibətilə təbrik edib və Azərbaycanın daim sülhsevər mövqeyini göz önündə tutaraq ölkəmizə sülh və əminamanlıq arzu edib.
Açılış nitqindən sonra 44 günlük Vətən müharibəsinin gedişatını özündə əks etdirən video-çarx izlənilib.
Daha sonra isə tədbir öz işini çıxışlar üzrə davam etirib. İlk öncə çıxış üçün söz ŞAR-ın "Elmi əlaqələr və təşkilati məsələlər şöbəsinin" müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru ehtiyyatda olan palkovnik Kamal Hüseynova verilir. Birinci Qarabağ müharibəsi veteranı olan Kamal Hüseynov "Böyük qələbə - bütöv Azərbaycanın şərəfli səhifəsi" başlıqlı çıxışında hər iki müharibədəki imkanları müqayisəli şəkildə şərh edərək ordu quruculuğunun inkişaf etdirilməsi ilə əldə olunan böyük zəfərdən danışıb. O, qeyd edib ki, Azərbaycan əsgəri Vətən müharibəsində əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi döyüş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Belə ki, ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı və Vətən müharibəsi qələbə ilə başa çatdı. Bu qələbənin başlıca memarı isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun cəsur əsgər və zabitləri oldular ki, öz şücaətləri ilə torpaqlarımızı işğaldan azad edib 1 milyondan çox Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydular. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.
Nöbəti çıxışda isə ŞAR-ın "Qalaktikalar və ulduzəmələgəlmə prosesləri" şöbəsinin böyük elmi işçisi, ŞAR Həmkarlar Təşkilatının üzvü Bahadır Abdullayev "Zəfərə aparan birlik" mövzusunda məruzə ilə çıxış edib. Zəfərin məhz Şuşanın azad olunması ilə qzanılmasına diqqət çəkən natiq, Ulu öndər Heydər Əliyevin Şuşa haqqında səsləndirdiyi fikirlərlə nitqinə davam edib: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Beləliklə, Ali Baş Komandanımız İlham Əliyev xalqımızın birliyi, ordumuzun şücaəti ilə əldə edilən Zəfəri Azərbaycan xalqına bəxş etməklə, həm də həyatını Azərbaycana həsr edən Ümummilli lider Heydər Əliyevin arzusunu reallaşdırdı.
Sonra rəsədxananın "Astronomik cihazlar və innovativ texnologiyalar" şöbəsinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Füad Cəlilova söz verilib. F.Cəlilov da öz növbəsində hər kəsi Zəfər günü münasibətilə təbrik edib və keçdiyi döyüş yolundan, müharibə xatirələrindən danışıb.
Daha sonra isə ŞAR-ın "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin əməkdaşları - elmi işçi Günay Hacıyeva və astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm müvafiq olaraq "Qələbəmizin zirvəsi Şuşa" və "Siyasi və sivil müharibə" mövzusunda məruzə ilə çıxış ediblər. Çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin yekununda Vətən müharibəsində iştirak etmiş ŞAR əməkdaşlarına "Fəxri fərman"lar və hədiyyələr təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.