Bu gün ölkəmizin yenidən öz hürriyyətinə qovuşaraq müstəqilliyini bərpa etməsinin 31-ci ili tamam olur. Bu haqda məhz 1991-ci ilin oktyabrın 18-də Ali Sovet sözügedən Konstitusiya Aktını qəbul edib. Həmin sənəddə 28 may 1918-ci il tarixli İstiqlal Bəyannaməsi və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” AR Ali Sovetinin 30 avqust 1991-ci il tarixli bəyannaməsinə istinad olunub.
Göründüyü kimi, xalqımız hələ ötən əsrin əvvəlində süverenlik əldə etməyi bacarıb lakin rus imperiyasının müdaxiləsi nəticəsində min bir çətinliklə əldə olunan azadlığımız əlimizdən alınıb. Bu əsarət yetmiş üç il davam etdikdən sonra isə mübariz xalqımızın iradəsi nəticəsində respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Bununla da həm himnimiz, həm də üçrəngli dövlət bayrağımızla içərisində alov olan səkkizguşəli ulduz təsvirli gerbimiz dövlət atributları kimi təsdiq olunub.
1990-cı ilin yanvarında dinc əhaliyə qarşı amansızlıq göstərərək şəhərimizi al qana boyayan rus imperiyasının tankları belə azadlığa gedən yolumuzun qarşısını kəsə bilmədi. İstiqlal mübarizəsində Şəhidlər vermiş xalqımız əzmlə müstəqilliyə doğru irəlilədi. Nəhayət Azərbaycan tarixinə şərəf, qürur və iftixar hissilə yazılan o müqəddəs gündə Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. Ölkəmizin müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da qardaş Türkiyə Cümhuriyyəti, sonra Rumıniya, Pakistan, İsveçrə və digər dövlətlər tanıdılar. Qısa müddətdə dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaqla beynəlxalq hüququn subyektinə çevrildi.
Ötən ilin oktyabrında isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunan qanuna əsasən 18 Oktyabr Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü olaraq elan edildi. Hazırda bütün dünya azərbaycanlıları müstəqilliyimizin bərpa edilməsinin otuz birinci ildönümünü fəxarət və qürur hissi ilə qeyd edir. Bu tarixi hadisədən ötən illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, Ümummili lider Heydər Əliyevin məqsədyönlü strategiyası əsasında taleyüklü məsələlər öz həllini tapmışdır. Həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə gətirib çıxarmışdır. Aparılmış uğurlu xarici siyasət nəticəsində müxtəlif ölkələrlə qarşılıqlı faydalı əlaqələr qurularaq inkişaf etdirilmişdir. Azərbaycan dünyanın nəhəng dövlətlərilə bərabərhüquqlu və diplomatik münasibətlər yaratmağa başlayaraq nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. Sonralar Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz zirvə toplantılarına və müxtəlif mötəbər tədbirlərə ev sahibliyi də etməyə başlamışdır.
Hazırda Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, mədəniyyət, idman və demək olar ki, bütün sahələrdə dinamik inkişaf edən dövlətlərdən biridir. Elektron dövlətin uğurla bərqərar edilməsi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, getdikcə möhkəmlənən hərtərəfli mədəni əlaqələr nəticəsində ölkəmiz dünya birliyində öz layiqli yerini tutaraq nəhəng layihələrə imza atmaqda davam edir. Azərbaycanın Silahlı Qüvvələri, Milli Ordusu müstəqilliyimizin, dövlətçiliyimizin keşiyində duraraq torpaqlarımızı qoruyur. Böyük qürur hissi ilə və əminliklə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi gündən-günə möhkəmlənməklə yanaşı, sarsılmaz siyasi iradəsini dünyaya nümayiş etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi üçün qəhrəmanlıq göstərən ordumuzun rəşadəti nəticəsində ərazi bütövlüyümüz təmin olunur. İki il öncə aparılan 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə hazırda müstəqilliyimizin bərpa olunması gününü ikiqat sevinclə qeyd etməyə əsas verir.
Tariximizin şanlı və qürurverici səhifələrindən biri olan 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı, bütün ölkə vətəndaşlarını təbrik edirik.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.