AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının gənc alimləri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bölgələrdə təşkil olunan yay düşərgələrində iştirak edib.
8-13 avqust tarixlərində Mingəçevir şəhəri Kür Olimpiya İdman Tədris Mərkəzində ölkə üzrə gənc alim və mütəxəssislərin və müxtəlif ali təhsil müəssisələrin tələbələrinin iştirakı ilə gənclərin innovasiya düşərgəsi keçirilib. Düşərgənin proqramına əsasən AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan gənc alim və mütəxəssislər, eləcə də müxtəlif universitetlərdə təhsil alan tələbələr üçün “Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım” “Smart şəhər: Dörd əsas texnologiya”, “Elm və təhsildə innovativ texnologiyalar”, “Mexatronika və machine learning”, “Simulyasiya proqramları”, “Müxtəlif sahələrdə innovativ texnologiyaların tətbiqi”, “Robototexnika”, “Alternativ enerji mənbələri”, “Süni intellekt”, “Hədəflərimizə doğru addımlayaq”, “Mənim uğur hekayəm” adlı təlimlər keçirilib. Həmçinin “Brain ring” intellektual-əyləncəli oyunu, üzgüçülük, stolüstü tenis, voleybol yarışları və bədii yaradıcılıq müsabiqələri təşkil edilib.
Düşərgə müddətində 44 günlük Vətən müharibəsinin iştirakçıları olan Namiq İbrahimli, Elman Abuşov və Abdulla Abdullayevin gənclərlə görüşü baş tutub. Müharibə iştirakçıları və gənclər arasında səmimi söhbətlər aparılıb, Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlanıb.
Düşərgədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəsisslər Şurasının (GAMŞ) üzvləri Aynurə Həsənova, Aynur Abdulkərimova, Cənnət Səmədov, Arzu Orucova və Zümrüd Binnətova fəal iştirak ediblər. AMEA ŞAR GAMŞ Sədri Aynurə Həsənova tərəfindən “Elm və təhsildə innovativ texnologiyalar” təlimi keçirilib. Təlimdə Elmdə və təhsildə innovativ texnologiyaların tətbiqi və bununla bağlı yaranan çətinliklər və onların həlli yollarından danışılıb. Təlim proqramına əsasən “Horizon Avropa” Azərbaycanın Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvü Aynurə Həsənova tərəfindən iştirakçılara “Horizon Avropa” ilə bağlı məlumatlandırma günü keçirilmiş, qeyd edilmişdir ki, Avropa Komissiyasının çərçivə proqramlarının 2021-2027-ci illər üzrə növbəti mərhələsi “Horizon Avropa” (“Horizon Europe”) tədqiqat və innovasiya üzrə ən böyük proqramdır və büdcəsi 95.5 milyard avro təşkil edir. Sağlamlıq, mədəniyyət, kreativlik, inklüziv cəmiyyət, rəqəmsal, sənaye, kosmos, iqlim, enerji, mobillik, qida, bioiqtisadiyyat, milli resurslar, kənd təsərrüfatı, ətraf mühit və s. kimi sahələri əhatə edən bu proqramda Azərbaycan Şərq Tərəfdaşlığı ölkəsi kimi iştirak edir.
Horizon proqramlarının imkanlarından istifadə etmək, çağırış haqqında məlumatı yerli təşkilatlar və mütəxəssislər arasında mütəmadi yaymaq, tərəfdaşların seçilməsi, layihələrin hazırlanması və təqdim edilməsinə dəstək göstərmək üçün Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) fəaliyyət göstərir. Təlimdə MƏŞ-ə əlaqə vasitələri, lazımi saytlar və məlumatlar özünü əks etdirib.
Həmçinin düşərgə müddətində AMEA ŞAR GAMŞ-ın üzvü ŞAR doktorantı Cənnət Səmədov “TEXNOFEST Azərbaycan”da ikinci yerə layiq görülən “My future job” layihəsi haqqında seminar təşkil etmişdir, seminarda qeyd olunub ki bu layihə günümüzdə yeniyetmələrin ixtisas seçimi zamanı qərarsızlıqlarının və yalnış ixtisas seçimlərinin qarşısını almaq məqsədilə hazırlanıb. Bununla bərabər sayt ali təhsil müəssisələrinə qəbul və işəgötürmə zamanı meyar rolunu da daşıya bilər. Saytın perspektivlərindən biri insan psixologiyasını kompüterin “dərk etməsini” təmin etməkdir.
Düşərgə müddətində Aynurə Həsənova, Aynur Abdulkərimova və Cənnət Səmədov tərəfindən Astronomiya ilə bağlı elmi seminar və 20 sm-lik teleskopla astronomik müşahidə həyata keçirilib. Fəaliyyətlər iştirakçıların xüsusi diqqət və marağına səbəb olub.
O cümlədən “Brain ring” intellektual-əyləncəli oyunu, şahmat, dama, stolüstü tenis, voleybol kimi yarışlarda aktiv iştirak edən Cənnət Səmədov daxil olduğu komanda ilə birlikdə “Voleybol” oyununda ikinci yerə, “Brain ring” intellektual-əyləncəli oyununda üçüncü yerə layiq görülüb.
Növbəti dəfə isə 18-23 avqust tarixlərində Qusar Olimpiya İdman Kompleksində gənc mühəndislərin yay düşərgəsi keçirilib. Bu düşərgədə "U-Sin konsepsiyası", "Portativ elektronik cihazların enerji təminatının ödənilməsində triboelektrik nanogeneratorların tətbiqi", "Mexatronika", "Pilotsuz uçuş aparatları və onların proqram təminatı", "Elektrofiziki proseslər əsasında elektroenergetikanın ekoloji məsələlərinin həlli üzrə effektiv üsullar", "Oil Production: Topsides Operations", "Universitet-sənaye əmakdaşlığının innovasiya ekosistemində rolu", "Horizon Europe", “Chemical NanoEngineering” Erasmus Mundus Proqramı", "Mühəndislik ixtisası üzrə Xaricdə Təhsil", "İqlim dəyişikliyi", "Bioplastiklər", "Kainat nöqtədən bu günə", "Nanoquruluşlar, onların sintezi ve perspektiv tətbiq sahələri", "Alternativ enerji mənbələri və onların perspektivləri", “Gənclərin bədii yaradıcı aktivliyinin önəmi” adlı təlim, seminar və mühazirələr keçirilib. Həmçinin “Brain ring” intellektual-əyləncəli oyunu, şahmat, dama, stolüstü tenis, voleybol yarışları və bədii intellektual müsabiqələr təşkil edilib.
Qeyd olunan düşərgədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəsisslər Şurasının (GAMŞ) üzvləri Aynurə Həsənova və Nurlan Şərəfxanov təlimçi və iştirakçı kimi iştirak ediblər. Aynurə Həsənova tərəfindən "Horizon Europe" təlimi keçirilmiş, Avropa Komissiyasının çərçivə proqramlarının 2021-2027-ci illər üzrə növbəti mərhələsi “Horizon Avropa” (“Horizon Europe”) tədqiqat və innovasiya proqramı barədə geniş məlumat verilmiş,qeydiyyat, layihələrin hazırlanması və çağırışlar barədə məlumat verilmiş iştirakçıların sualları cavablandırılmışdır.
Nurlan Şərəfxanov tərəfindən "Kainat nöqtədən bu günə" adlı elmi seminar təşkil edilmiş, seminarda Kainatın yaranması və inkişafı, Ulduzların inkişaf mərhələləri, Nisbilik nəzəriyyəsi, Kainatın gələcəyi haqqında mülahizələr haqqında məlumat verilmişdir. Həmçinin “Brain ring” intellektual-əyləncəli oyunu, şahmat, dama, stolüstü tenis, voleybol və bədii intellektual müsabiqəsi kimi yarışlarda aktiv iştirak edən Nurlan Şərəfxanov daxil olduğu komanda ilə birlikdə “Brain ring” intellektual-əyləncəli oyununda birinci yerə, “Voleybol” oyununda üçüncü yerə və fərdi olaraq “Dartınma” yarışında birinci yerə layiq görülmüşdür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.