AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Bakı Dövlət Universitetinin Fizika fakultəsinin "Fizika" ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi başa çatıb.
Təcrübə müddətində tələbələrə dərs planına uyğun olaraq öncəliklə ŞAR-ın Bakı şəhər bölməsində nəzəri biliklər tədris edilib. Nəzəri tədris zamanı tələbələrə rəsədxananın alimləri tərəfindən Astronomiyanın prioritet tədqiqat sahələri, Günəş sistemi, ulduzlar və onlarda baş verən proseslər, planetlər və qalaktikalar haqqında ümumi məlumatlar verilib.
İstehsalat təcrübəsinin nəzəri tədris müddətini başa vuran tələbələrə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında praktiki dərslər keçirilib. Burada tələbələr rəsədxananın infrastruktu və muzeylə tanış edildikdən sonra onlara teleskoplar və digər astronomik cihazlar, onların iş prinsipi və rəsədxanada aparılan əsas elmi-tədqiqat istiqamətləri üzrə tədris aparılıb.
Təcrübələrini uğurla başa vuran tələbələr onlara yaradılan şərait üçün rəsədxananın rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.