10 may 2022-ci il tarixində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) görkəmli siyasi xadim, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin 99 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin ruhunu bir dəqiqəlik sükutla yad edib.
Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü, Namiq Cəlilov ümummilli liderin həyat və fəaliyyəti, həmçinin Azərbaycan elminin tərəqqisində müstəsna rolundan danışıb. Bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminin inkişafına xüsusi önəm vermişdir. XX əsrin 70-ci illərində ulu öndərin təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc aparıcı elmi mərkəzlərdə ixtisaslı kadr kimi yetişdirilmişdir. İndi həmin elmi kontingent ölkəmizin elm və təhsil ocaqlarında, o cümlədən Şamaxı Astrofizika Rəsədxanasında uğurla gənc alimlər ordusunu formalaşdırır.
Alim xüsusilə vurğulayıb ki, Şamaxı Astrofizika Rəsədxanasının dünya rəsədxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulması və ümumilikdə Azərbaycanda kosmik sənayenin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1974-cü ilin sentyabrında Rəsədxanaya gələrək alimlərlə görüşmüş, elm adamlarının iş fəaliyyəti ilə maraqlanmış, problemləri ilə yaxından tanış olmuş, elm ocağının fəaliyyətini daim diqqət mərkəzində saxlamışdır. Eyni zamanda Rəsədxanada elmi-tədqiqat aparan alimlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 5 mərtəbəli 40 mənzildən ibarət olan bina Heydər Əliyevin göstərişi ilə tikilmişdir. Rəsədxanaya hər bir səfəri böyük maraqla gözlənilən Heydər Əliyevin zamanında verdiyi sərəncamlar indi də öz bəhrəsini verməkdədir. Ümummilli liderin göstərişi ilə ilk dəfə olaraq 1976-cı ildə indiki Bakı Dövlət Universitetində astrofizika kafedrası yaradılmışdırki, hazırda rəsədxanada çalışan alimlərin əksəriyyəti məhz həmin kafedranın məzunlarıdır. Ümummilli liderin rəsədxananın inkişafına yönələn digər məqsədyönlü sərəncamları da uğurla həyata keçirilmişdir. Məhz Heydər Əliyevin göstərişi ilə bir çox nazirlik və dövlət komitələri tərəfindən Rəsədxanaya bütün zəruri köməklik göstərilmişdir. Ulu öndərin diqqət və qayğısı nəticəsində 1970-81-ci illərdə rəsədxananın nüfuzu beynəlxalq aləmdə sürətlə artmış, elmi-texniki və intellektual səviyyəsi yüksək zirvəyə qalxmışdır.
Namiq Cəlilov onu qeyd edib ki, hazırda bu ənənəni davam etdirən ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev vaxtaşırı Şamaxı Astrofizika Rəsədxanasına gələrək burada aparılan yenidənqurma işlərilə yaxından tanış olur, rəsədxananın inkişafına daim yüksək diqqət və qayğı göstərir. Bütövlükdə elmin inkişafına dəyər verən dövlət başçımızın imzaladığı müvafiq sərəncamlarla rəsədxananın maddi-texniki bazası gücləndirilib, inzibati binada əsaslı təmir-tikinti, abadlıq işləri aparılıb. Alimlərimizin mənzil şəraitini yaxşılaşdırmaq üçün iki möhtəşəm bina inşa edilib, yüksək infrastruktura malik şərait yaradılıb. Poçt, tibb məntəqəsi, uşaq bağçası kimi sosial təyinatlı obyektlər istifadəyə verilib. Qeyd olunanların hamısı əsası Heydər Əliyev tərəfindən qoyulmuş elmi işçilərə xüsusi diqqət və qayğının hazırda dövlət başçımız tərəfindən yüksək səviyyədə davam etdirilməsinin bariz nümunəsidir.
Sonra çıxış üçün söz ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılova verilib. Nəriman İsmayılov Heydər Əliyevin Azərbaycanda kosmik sənayenin infişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, ABŞ-ın Astronavtika Federasiyası dünyanın 68 ölkəsini təmsil edən 398 təşkilatın üzv olduğu, kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi isə təşkilatın əsas tədbiridir. Bu Konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin 6 mindən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresi məhz Heydər Əliyevin təşəbbüsü və səyləri nəticəsində Bakı şəhərində keçirilib. Bu mötəbər tədbirin keçirilməsi Azərbaycanda kosmik sənayenin inkişafına və bu sahədə beynəlxalq əlaqələrin genişlənməsinə vüsət yaratmışdır. Alim həmçinin bildirib ki, Vaşinqtonda baş tutan Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin gələn ilin oktyabrında keçirilməsi nəzərdə tutulan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması Azərbaycan üçün növbəti böyük bir qələbə və tarixi hadisədir. Şamaxı Astrofizika Rəsədxanası bu mötəbər təşkilata üzv olan Azərbaycanın üç müəssisəsindən biridir. Beynəlxalq Konqresin 50 il sonra yenidən Azərbaycanda keçirilməsi sayəsində ölkəmizin nüfuzlu təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişlənməsinə geniş imkanlar yaranacaq. Sevindirici haldır ki, Ulu Öndərin hələ ötən əsrin 70-ci illərində gələcəyə hədəflənmiş bütün məsələlərdə olduğu kimi sözügedən sahənin inkişafını da diqqət mərkəzində saxlaması bu gün də öz bəhrəsini verməkdədir.
Daha sonra rəsədxananın "Qalaktikalar və ulduz əmələgəlmə prosesləri" şöbəsinin böyük elmi işçisi Bahadır Abdullayev çıxış edib. Natiq öz çıxışında Heydər Əliyev siyasi yolu, onun dünya tarixindəki yeri və Azərbaycançılıq ideologiyası haqqında tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan Respublikasının memarı ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaratmışdır. Xalqımızın və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaltmış, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görmüş ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin hər səhifəsi, hər mərhələsi Azərbaycan tarixinin yüksəliş mərhələləri ilə üst-üstə düşür. Ümummilli liderin çoxşaxəli fəaliyyətinin bəhrəsi kimi bu gün bizlər iqtisadi, hərbi, siyasi qüdrətə sahib müasir Azərbaycanda yaşayırıq.
Qeyd edək ki, anoloji tədbir Şamaxı Astrofizika Rəsədxanasının Bakı şəhər bölməsində keçirilib. Tədbiri "Elmi əlaqələr və təşkilati məsələlər" şöbəsinin müdiri, f.r.f.d. Kamal Hüseynov giriş sözü ilə açaraq ümummilli liderin hələ sovet dövründə mühüm strateji obyektlərin məhz Azərbaycanda yaradılması, inşa edilməsində əvəzsiz xidmətlərindən danışıb. Belə ki, rəsədxananın - Şamaxı Astrofizika Rəsədxanasının məhz Azərbaycanda tikilməsi, Cənubi Qafqazda ilk hərbi təmaüllü liseyin - Cəmşid Naxçıvanski adına hərbi liseyin Azərbaycanda yaradılması bu təşəbbüslərdəndir.
Sonra çıxış üçün söz ŞAR-ın "Planetlər və kiçik səma cisimləri" şöbəsinin müdiri, f.r.f.d, dosent Ədalət Ətayiyə verilib. Ədalət Ətayi də öz növbəsində, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gələcəyə hesablanmış uğurlu təşəbbüslərinin aspektlərini şərh edib. O qeyd edib ki, 1993-cü ildə xalqın təkidi ilə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra çətin bir dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Belə ki, həmin vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ancaq Heydər Əliyevin beynəlxalq arenadakı şəxsi nüfuzu bu tərəddüdlərə son qoydu, 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi. Həmin iqtisadi dayaq nəticəsində zənginləşdirilən hərbi arsenal yaxın keçmişdə Azərbaycanın öz tarixi torpaqlarını azad etməsinə gətirib çıxardı.
Şamaxı Astrofizika Rəsədxanasının kollektivi olaraq, ölkəmiz üçün çətin məqamlarda qəbul etdiyi taleyüklü qərarları ilə Azərbaycan tarixində misilsiz izlər qoymuş Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edirik. Ulu öndərin xatirəsi daim qəlbimizdə yaşayacaqdır!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.