Yazıda AMEA-nın yaradılması tarixinə baxış, onun indiki fəaliyyətinin səmərəliliyinin artırılması yolları müzakirə olunur.
Son vaxtlar ölkə gündəmində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyəti ilə bağlı onun indiki vəziyyəti, respublikamızın elmi-texniki inkişafında və sosial-ictimai həyatında rolu, hazırda ölkəmizdə gedən islahatlar fonunda bu qurumun gələcəyi haqqında maraqlı müzakirələr gedir. Əksər hallarda belə yazılar AMEA-nın üzvləri tərəfindən, bəzən isə adi vətəndaşlar tərəfindən yazılır. Bu ilin 28 fevral tarixində Milli.az portalında akademik Asəf Hacıyev tərəfindən nəşr onunan “Elm uzaq görənlikdir - Vacib araşdırma” adlı yazısı çox dəyərli və diqqətəlayiqdir.
Belə müzakirələrin indiki dövrdə ortaya çıxması çox təbii görünür: bir tərəfdən, xalqımızın və ordumuzun möhkəm birliyi, Ali baş komandan İlham Əliyevin cəsarətli addımları və uzaqgörən siyasəti sayəsində Qarabağ müharibəsində qazanılmış misilsiz tarixi qələbə ölkəmizdə böyük ruh yüksəkliyi yaratmışdır. Bu, demək olar ki, həyatımızın bütün sferalarında özünü göstərir. Aydındır ki, bu cür əhval-ruhiyyə, həm də təhsil və elm sahəsində də özünü büruzə verməkdədir. Ona görə də ölkəmizdə yüksək elmi-yaradıcılıq fəaliyyətini təşkil edən, onu irəli aparan bir qurumun dövrün tələbinə uyğun yeniəşdirilməsi, onun effektivliyinin artırılması mühüm əhəmiyyət kəsb edir. Sovetlər dövründə yaradılmış, ondan sonrakı 75 ildən çox müddət ərzində bir çox mərhələlərdən keçmiş Milli Elmlər Akademiyamızın fəaliyyətinin yaxşılaşdırılması üçün müasir dövrdə hansı yeniləşmələr olmalıdır?
Digər tərəfdən, bu maraq həm də postsovet ölkələrində olan milli Elmlər akademiyalarında SSRİ dağıldıqdan sonra aparılmış ciddi yeniləşmələrlə bağlıdır. Məlumdur ki, SSRİ EA 1991-ci ildə B.Yeltsinin fərmanı ilə Rusiya Elmlər Akademiyası (REA) adlandırıldı və bu təşkilat özünü SSRİ EA-nın varisi elan etdi. Bunun ardınca digər postsovet ölkələrində də Akademiyalar müstəqil oldular. Bu müstəqillikdən sonra əksər postsovet respublikalarında EA-nın sonrakı struktur yeniləşmələrinin istiqamətləri çox müxtəlif oldu. Bir çox ölkələrdə Akademiyaların ümumi məqsədi dəyişməsə də, funksiyaları, əmlakı dəyişdirildi, elmi-tədqiqat institutlarının sayı azaldıldı. Bəziləri artıq dövlət qurumu deyil, adi cəmiyyətlər kimi fəaliyyət göstərməyə başladı. Məsələn, 1995-ci ildə Gürcüstan MEA-sı beynəlxalq Elmi Şuranın üzvlüyünə (İCSU, Fransa) daxil oldu. 2007-ci ildə akademiyanın tərkibindəki bütün elmi-tədqiqat institutları universitetlərə verildi. Hətta Abastuman Astrofizika rəsədxanası İ.Çavçavadze adına Gürcüstan Dövlət Universitetinə verildi.
Özbəkistanda fəaliyyəti dayandırılmış bir çox elmi institutlar bərpa edildi, 9 yeni tədqiqat mərkəzi yaradıldı, elmi dərəcələrə görə verilən əlavələrin miqdarı artırıldı. İnstitutların cihaz və avadanlıqlarının yeniləşdirilməsi üçün məqsədli vəsait ayrıldı. Nəticədə son illər Özbəkistan EA-sının fəaliyyətində əhəmiyyətli dərəcədə dirçəlişə nail olundu.
1990-cı illərdə baş verən ciddi iqtisadi tənəzzül ucbatından REA-nın maliyyə təminatı kəskin azalmışdı, bir çox yüksək ixtisaslı mütəxəssislər ABŞ və Avropa ölkələrinə miqrasiya etmişdilər. Əksər digər postsovet ölkələrində, o cümlədən Azərbaycanda da EA eyni hadisələrlə üzləşmişdir.
Lakin bütün bunlara baxmayaraq, EA işini yaxşılaşdırmaq üçün keçmiş postsovet ölkələri iqtisadi imkanlardan asılı olaraq müxtəlif reformaları indi də davam etdirirlər. Məsələn, 2013-2018-ci illərdə Rusiya Kənd Təsərrüfatı və Rusiya Tibb Elmləri Akademiyaları da REA tərkibinə qatılaraq birləşdirildi. Elmi-tədqiqat institutlarının fəaliyyəti qiymətləndirildi, onlar 3 kateqoriyaya bölündu: aparıcı, orta və zəif. Kiçik elmi işçilərin maaşları artırılaraq region üzrə dövlət qulluqçuların orta maaşından iki dəfə çox edildi. Bundan əlavə maliyyə dəstəyi, qrantlar verən bir neçə fond yaradıldı ki, bunlar maaşdan da daha əhəmiyyətli kömək göstərirlər. Nisbətən gənc kadrlar institut rəhbərliyinə irəli çəkildilər, akademiyaya seçim üçün müəyyən yaş senzi tətbiq edildi. Bir çox dövlət layihələrinə ekspertiza işi REA-ya həvalə edilir.
Təbii ki, elmdə inkişafı və məhsuldarlığı artırmaq üçün Akademiyada aparılan yeniləşmələr birbaşa ölkənin maliyyə durumu ilə bağlıdır. Ümumiyyətlə, elmi yaradıcılıq fəaliyyəti böyük maliyyə resursları tələb edir. Elmi tədqiqatların lokomotivi sayılan fundamental elmlər sahəsinə elmi fondların xərclərinin böyük bir hissəsi sərf olunur. Hazırda qərb ölkələrində, xüsusilə ABŞ və Avropanın qabaqcıl elmi mərkəzlərdə fundamental elmi tədqiqatlar çox yüksək inkişaf yolu keçmişdir. ABŞ-da fundamental elmi tədqiqatlar əsasən dövlət nəzdində olan laboratoriya və institutlarda, universitetlərdə, korporasiyalarda cəmlənmişdir. Fundamental elmin 25%-ni federal agentlik - Milli Elm Fondu (NSF) təmin edir. NSF büdcəsi 2020-ci il üçün 8.3 milyard dollar vəsaitlə ölçülürdü. Belə mərkəzlərdə istifadə olunan cihaz və avadanlıqlar daim yenilənir, çünki yenilənmə olmadan yeni nəticə də ola bilməz. Bu indi dünya üzrə bir böyük idman yarışına bənzəyir: kimin texniki vasitələri, maliyyə dəstəyi güclüdürsə, o da yeni elmi nəticəni əldə edə bilir.
EA-nın cəmiyyətin və dövlətin inkişafında rolunu və əhəmiyyətini düzgün başa düşmək üçün bir az tarixə baş vurmaq faydalı olardı. “Akademiya” sözü qədim yunan mifik qəhrəmanı Akademanın adından götürülüb. Onun adına Afina yaxınlığında olan məntəqədə yunan filosofu Platonun (b.e.ə 427-347) əsasını qoyduğu məşhur məktəb Akademiya adlandırılmışdı. Platon Akademiyası b.e.ə 380-ci illərdə yaradılmış dini-fəlsəfi bir birlik idi. Burada müxtəlif elmi istiqamətlər - fəlsəfə, riyaziyyat, astronomiya, təbiət elmləri inkişaf etdirilirdi. Akademiya daxilində böyüklər və kiçiklər kimi bir bölgü sistemi var idi. İlkin mahiyyətinə və məramına görə bu məktəb əslində bir yüksək təhsil verən universitet kimi fəaliyyət göstərmişdir.
Daha sonralar Şərqi və Qərbi Avropada XII-XVI əsrlərdə yaranan buna bənzər elmi cəmiyyətlər də “Akademiya” adlandırılırdı. Müasir anlamda Akademiyalar XVII əsrdən sonra meydana gəlməyə başladı. Bunlardan birincisi 1603-ci ildə İtaliyada qraf Federiko Çezi tərəfindən yaradılmış Accademia dei Lincei oldu. Onun yaradılmasının məqsədi fizika elmi sahəsində biliklərin öyrənilməsi və yayılması idi.
1645-ci ildə Londən və Oksfordda görkəmli alimlərin təşəbbüsü ilə bir “görünməz birlik” yaradıldı. 1660-cı ildən bu birlik London Kral Cəmiyyətinə çevrildi. 1666-cı ildə Parisdə Kral Elmlər Akademiyasi yaradıldı. Sonradan bu nümunə əsas götürülərək Avropanın digər ölkələrində də akademiyalar yarandı. Hazırda dünyada 200-dən artıq elmi akademiya mövcuddur.
XVII əsrə qədər Avropada yaradılan akademiyalar əsasən bir cəmiyyət kimi fəaliyyət göstərmişlər. Rusiya İmperiyasında yaradılan Elmlər Akademiyası özündən əvvəl Avropada yaradılmış akademiyalardan bir çox xüsusiyyətlərinə görə fərqlənirdi. Rusiya Elmlər Akademiyası Rusiya dövlətinin qüdrətinin artırılması, siyasi və iqtisadi cəhətdən möhkəmləndirilməsi məqsədi ilə I Pyotrun təşəbbüsü ilə 27 dekabr 1725-ci ildə yaradılmışdır. Bu akademiya dövlət müəssisəsi idi və onun üzvü olan alimlər dövlətdən maaş alır, əvəzində dövlətin elmi –texniki inkişafına xidməti təmin edirdilər. Bu cür formada layihə özündən əvvəlki digər Avropa ölkələrində yaradılan akademiyalardan ciddi şəkildə fərqli idi. Bu akademiya elmi tədqiqatları və təhsili birləşdirərək öz tərkibində gimnaziya və universitet də yaratmışdı. Bu akademiyada alımlər sərbəst elmi yaradıcılıq imkanlarına malik idilər və onlara öz işlərini nəşr etdirmək üçün çox geniş imkanlar verilmişdi.
Rusiya Elmlər Akademiyasının dünya səviyyəsində işləməsini təmin etmək üçün I Pyotr Avropada çalışan nüfuzlu alimləri bura işə cəlb etmişdi. Məsələn, bunlardan riyaziyyatçılar Nikolay və Daniil Bernulli, Xristian Qoldbax, fizik Qeorq Bülfinqer, astronom və coğrafiyaşünas Jozef Delil, tarixçı Q.F.Miller, riyaziyyatçı Leonard Eyler və s. göstərmək olar.
Rusiya İmperiyasında Elmlər Akademiyasının bu formada yaradılması qısa müddətdə Rusiyanı aqrar bir ölkədən elmi-texniki və ictimai-siyasi cəhətdən sürətlə inkişaf edən bir ölkəyə çevirdi. Akademiyanın yaradılması Rusiyada birinci onillik müddətində Rusiyanın elmi və mədəni səviyyəsini sürətlə irəliyə apardı. Anatomik teatrın yaradılması, Coğrafiya Departamentinin, Astronomik Rəsədxananın, fiziki və mineroloji kabinetlərin , Botanika bağının, alətlər üçün emalatxananın yaradılması çox mühüm irəliləyiş idi. Akademiyada aparılan işlər sayəsində dağ mədən, metallurgiya sahələrinin əsası qoyuldu, qeodeziya və kartoqrafiya işləri aparılmağa başladı. Sankt-Peterburq İmperator Elmlər Akademiyası adlandırılan Rusiya EA-sı 1917-ci il oktyabr inqilabından sonra Rusiya EA-sı, SSRİ yarandıqdan sonra isə SSRİ EA-sı adlandırıldı.
Azərbaycanda Elmlər Akademiyası SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə yaradılmışdır. Həmin vaxta qədər Azərbaycanda Akademiya SSRİ EA filialı kimi fəaliyyət göstərirdi. 1945-ci ildə artıq akademiyamızın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Yaradıldığı ildə Azərbaycan EA-sına 15 həqiqi üzv seçildi. Seçilmiş heyətin tərkibində Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə. Əlizadə, M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov və İ.İ. Şirokoqorov daxil oldu. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov EA-nın ilk prezidenti seçildi.
Azərbaycan SSR Elmlər Akademiyasının ilk Rəyasət Heyətinin həqiqi üzvləri (1945-ci il): Oturanlar (soldan sağa): Səməd Vurğun (1906–1956), İosif Yesman (1868–1955), Üzeyir Hacıbəyov (1885–1948), Ələşrəf Əlizadə (1911–1985), Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımov (1883–1958), İvan Şirokoqorov (1869–1946), Aleksandr Qrossheym (1888–1948), Mustafa Topçubaşov (1895–1981);
Ayaqüstə (soldan sağa): Yusif Məmmədəliyev (1905–1961), Mirzə İbrahimov (1911–1993), Şamil Əzizbəyov (1906–1976), Heydər Hüseynov (1908–1950), Mirəli Qaşqay (1907–1977), Sadıq Dadaşov (1905–1946), Mikayıl Hüseynov (Üseynov) (1905–1992)
Hazırda AMEA-nın elmin müxtəlif sahələrini əhatə edən 6 bölməsi var. Bu bölmələr nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarında 10000-də çox əməkdaş işləyir. Onlardan 4700 nəfər elmi işçi, 581 nəfər elmlər doktoru, 1925 nəfər fəlsəfə doktoru çalışır. AMEA-nın 67 həqiqi üzvü və 101 müxbir üzvü var.
Prezident Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilmişdir. Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli Fərmanı isə AMEA-ya müstəqil dövlətimizin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu vermiş oldu, onun Nizamnaməsinə dövlət sənədi, onun prezidentinə ali icra hakimiyyəti üzvü səlahiyyəti verildi. Beləliklə, AMEA-nın hərtərəfli inkişafı üçün hüquqi zəmin yarandı, Akademiyanın fəaliyyət dairəsi genişləndi, səlahiyyətləri artdı və qarşısına məsul dövlət vəzifələri qoyuldu. Bütün bunlar onu göstərir ki, AMEA-nın normal fəaliyyət göstərməsi və qarşıya qoyulan vəzifələri həyata keçirməsi üçün dövlətimiz tərəfindən çox böyük təşkilat işləri görülmüşdür. Bununla belə, hələ görüləcək işlər də çoxdur.
AMEA-da magistraturaların fəaliyyətə başlaması son illərdə həyata keçirilən ən yaxşı addım hesab olunmalıdır. Zənnimcə bu addımı gücləndirmək üçün AMEA nəzdində yüksək səviyyəli bir dövlət universitetinin də yaradılmasına böyük zərurət var. Məhz bu addımdan sonra AMEA-da elmlə təhsilin inteqrasiyası məsələsi tamamilə həll edilmiş olacaqdır. Eyni zamanda AMEA qərb yönümlü bir sistemə inteqrasiya edərək dünya səviyyəli müasir bir elm mərkəzinə çevrilə bilər.
Hazırda AMEA elmi-tədqiqat (ET) İnstitlarında ən ağrılı məsələ institutlarda formalaşmış yüksək səviyyəli elmi məktəblərin uzun illər ərzində və böyük zəhmət hesabına qazanılmış nailiyyətlərini yeni nəsil gənc kadrlara ötürməkdir. Çox təəssüf ki, xüsusilə fundamental elmlər sahəsində istedadlı gənc kadrları AMEA-da işə cəlb etmək çox çətindir. Riyaziyyat, fizika, astronomiya sahəsinə gələn gənc kadrların da 98%-i qadınlardır ki, bu da gender bərabərliyini pozur ki bu özü də anomal bir nəticədir. Təbii ki, bu məsələ birinci növbədə AMEA sistemində maaşların digər sahələrə nisbətən çox az olması ilə bağlıdır. Bu sahədə AMEA özəl sektorda olan universitetlərdə və elmtutumlu sahələrdə verilən maaşla və müvafiq olaraq hazırlanan kadrların səviyyəsi ilə rəqabətə girə bilmir. Biz Akademiyamızı saxlamaq istəyiriksə, bu istiqamətdə ən azı Rusiya EA-da həyata keçirilmiş yeniləşmələri tətbiq etməliyik. Bunlarla bərabər AMEA-nın idarəetmə strukturuna da nisbətən gənc kadrların irəli çəkilməsi çox vacibdir. Hazırda ET institutlarında mövcud olan bir sıra problemlər - yeni və müasir avadanlıqlarla təminat, mövcud elmi sahələrin inkişafına nəzarət, iş planlarının tam şəkildə yerinə yetirilməsinə nəzarət. elmi işçilərin sosial qayğılarının həll edilməsi günün vacib məsələlərindəndir. Elmi sahə bölmələrinin struktuturu və işi gücləndirilməlidir. Fəal bölmə rəhbərləri institutlarda gedən yaradıcılıq işlərini diqqət mərkəzində saxlamalı, bu fəaliyyəti stimullaşdırmaq üçün lazımi tədbirlər göstərməlidir. Hazırki mərhələdə bölmələrin fəaliyyəti ümumiyyətlə hiss edilmir. Bu da sahə institutları ilə AMEA rəhbərliyi arasında əlaqənin zəifləməsinə səbəb olur.
Yeni dövrdə AMEA qarşısında elmi tədqiqatların məhsuldarlığını artırmaq, tətbiq sahələrini genişləndirmək hesabına ölkəmizin iqtisadi və hərbi qüdrətini artırmaq, elmi-texniki potensialını gücləndirmək kimi çox mühüm vəzifələr qoyulmalıdır. Elmi nəticələrin istehsala tətbiqi hesabına səmərəli istehsal sahələrinin yaradılması, elmtutumlu istehsal sahələrinin təşkili və bu məhsulla dünya bazarına çıxış ölkəmizin qeyri-neft sahəsində gəlirlərini artırmağa yönəldilməlidir. Bunun üçün yüksək ixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilməlidir.
Milli Elmlər Akademiyasının ölkəmizin tarixindəki rolu, xidmətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin aşağıdakı sözlərində dolğun şəkildə ifadə edilib: “Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi şərəfli yol Azərbaycan xalqının tarixində böyük səhifədir. Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.
Ulu öndərimizin uzaqgörənliklə dediyi bu kəlamlar indiki AMEA-nın, burada çalişan alimlərimizin, respublika elmi ictimaiyyətinin və dövlətimizin çiyninə çox məsul bir missiya qoyur: uzun illərdən bəri AMEA-da yaradılmış misilsiz elmi bilik və dəyərlərin qorunub yeni nəslə ötürülməsi, inkişaf etdirilməsi üçün əlimizdən gələni əsirgəməməliyik.
AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika
Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.