Novruz bayramının gəlişinə artıq bir neçə gün qalır. Bu bayramın tarixi çox qədimlərə gedir və minilləklər arasında itir. Novruz təbii əsasına və mədəni köklərinə görə xüsusilə türk və iran xalqları arasında geniş yayılmış bayramdır. Bu bayramın çox möhtəşəm və gözəl təbii əsası var: göy sferinin yaradılmış müxtəlif koordinat sistemlərində Novruzun gəlişi xüsusi astronomik hadisə kimi qeyd olunur. Bu hadisə hətta ən qədim sayılan Maya təqvimində (b.e.ə. 3-cü minillik) və Ömər Xəyyamın (1079-cu il) tərtib etdiyi “Cəlali” günəş təqvimində də qeyd olunur.
2009-cu ildən Novruz bayramı YUNESKO-nun qeyri maddi mədəni irsi kimi qeydiyyata alınmışdır. 2010-cu ildə BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında “Beynəlxalq Novruz günü” adlı qərar qəbul edilmişdir. Qərara əsasən 21 Mart Beynəlxalq Novruz günü kimi tanınmışdır. Novruzun tarixi aspektdən izahı, müxtəlif adət-ənənələr haqda çox yazılmışdır. Biz bu yazımızda Novruz bayramının təbii astronomik hadisə olaraq mövcud olmasını şərh edəcəyik.
Astronomiyadan məlumdur ki, Günəş il ərzində göy sferində ulduzlara nəzərən ekliptika adlanan qapalı xətt (ellips) üzrə dövri hərəkət edir. Ekliptika il ərzində göy sferinin ekvatorunu iki nöqtədə - yaz bərabərliyi (21 mart) və payız bərabərliyi (21 sentyabr) adlanan nöqtələrdə kəsir. Ekliptika müstəvisi ilə ekvator müstəvisi arasındakı bucaq ekliptikanın meyli adlanır və bu bucaq təqribən 23°26’ təşkil edir. Günəşin yaz bərabərliyi nöqtəsindən keçməsi zamanı o, il ərzində ilk dəfə göy sferinin cənub yarımkürəsindən şimal yarımkürəsinə “adlayır”. Məhz bu an baharın gəlişi hesab olunur. Bundan sonra Günəş günbəgün üfüqdən daha hündürə qalxır, yerin şimal yarımkürəsi daha çox günəş şüaları qəbul edir və havalar tədricən isinir. Bu gediş yay günəşduruşu adlanan nöqtəyə, yəni iyun ayının 22-nə kimi bu qaydada davam edir və həmin gün günorta vaxtı Günəş üfüqdən maksimum hündürlükdə olur (məs. Bakıda 73°04’). Bundan sonra maksimal hündürlük günbəgün tədricən azalmağa başlayır və payız bərabərliyi nöqtəsində, yəni 22 sentyabrda Günəş ekliptika ilə ekvator xəttinin kəsişmə nöqtəsindən keçərək göy sferinin cənub yarımkürəsinə “adlayır”. Bundan sonra Günəşin üfüqdən günlük maksimal hündürlüyü tədricən azalır, Yerin şimal yarımkürəsinə daha az enerji gəlir, nəticədə havalar tədricən soyumağa başlayır və bu gediş dekabr ayının 22-nə qədər davam edir. Bu halda Günəşin Bakıda günorta üfüqdən maksimal hündürlüyü 26°12’ olur.
Ümumiyyətlə, astronomiyada göy cisimlərinin hərəkətini göy mexanikası bölməsində öyrənirlər. Bu zaman Nyuton qanunları, ümumdünya cazibə qanunu, Kepler qanunları geniş istifadə olunur. Bu hesablamalar kifayət qədər mürəkkəbdir, bu işlə bir çox elmi-tədqiat institutları və şöbələri məşğul olur. Qeyd edək ki, göy mexanikasında istifadə olunan fiziki qanunlar çərçivəsində göy cisimlərinin koordinatları qabaqcadan müəyyən müddət üçün hesablana bilər. Məsələn, günəş sistemi panetlərinin və onların peyklərinin, bir çox kometlərin, asteroidlərin hərəkət trayektoriyaları və koordinatları hesablanmış və kataloqlaşdırılmışdır. Oxucular yəqin ki, Günəş sistemi cisimlərinin hərəkətini təsvir edən kompüter proqramlarına da rast gəlmişlər. Göy sferində Günəşin, Ayın, digər planetlərin hərəkəti göy mexanikası qanunları üzrə baş verir. Ona görə də, yeni ilin gəlişi, Novruz bayramı kimi astronomik hadisələrin baş verməsi əvvəlcədən hesablana bilər.
Birinci yaxınlaşmada Yer Günəş ətrafında müstəvi orbit üzrə hərəkət edir. Ay da Yer ətrafında ekliptika müstəvisinə nisbətən bucaq altında yerləşən müstəvidə fırlanır. Belə hərəkət müəyyən həyəcanlanma yaratdığından, Günəşin həqiqi yeri həmişə ekliptika ilə üst-üstə düşmür və ondan bir neçə saniyə fərqlənə bilir. Digər planetlərdən gələn həyəcanlandırıcı təsirlər də Günəşin vəziyyətinə təsir edir. Bundan başqa, ekliptika özü elliptik olduğundan, həqiqi Günəş ekliptika boyunca müxtəlif sürətlərlə hərəkət edir. Presessiyanın (sürüşmənin) səbəblərindən biri də ekliptika ilə ekvator müstəviləri arasındakı bucağın 26000 il periodla dəyişməsidir. Bütün bunlar sonda Günəşin Yaz bərabərliyi nöqtəsindən keçmə vaxtının müxtəlif olmasına səbəb olur və beləliklə, baharın gəlmə anı müxtəlif illərdə mart ayının 20-nə, yaxud 21-nə düşür.
Sonda qeyd edim ki, bu il baharın gəlişi Bakıda 20 Mart, saat 19:33-də baş verəcəkdir.
AMEA ŞAR-ın icraçı direktoru, Prof. Nəriman İsmayılov
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.