Hollandiyanın Leyden Rəsədxanasının tədqiqatçıları ALMA teleskopu vasitəsilə ilk dəfə protoplanet diskində dimetil efiri aşkar ediblər. Bu kəşf indiyə qədər belə bir diskdə müəyyən edilmiş ən böyük molekuldur. O, həm də həyatın yaranmasına səbəb ola biləcək daha böyük üzvi molekulların xəbərçisidir.
Tədqiqatın müəlliflərindən biri olan Naşanti Brunkenin sözlərinə görə, bu informasiyalar planetimizdə həyatın mənşəyi haqqında daha çox öyrənmək və digər planet sistemlərində həyat potensialını dəyərləndirmək üçün olduqca əhəmiyyətlidirlər.
Dimetil efiri adətən ulduzəmələgəlmə buludlarında rast gəlinən üzvi molekuldur, lakin protoplanet diskində indiyədək heç vaxt tapılmamışdır.
Molekullar bizdən 444 işıq ili məsafədə İlandaşıyan bürcündə gənc ulduz IRS 48 (həmçinin Oph-IRS 48 kimi də tanınır) ulduzunun ətrafındakı diskdə aşkar edilib. IRS 48 diskində asimmetrik “toz tələsi” olduğuna görə son zamanların araşdırma obyekti olmuşdur. Çox güman ki, toz tələsi yeni doğulmuş planet və ya kiçik peyk ulduzun yaranması səbəbindən ulduzun arasında meydana gəlmişdir. Bu oblastda millimetr miqyasında toz dənələri var ki, onlar bir-birinə yığılıb kometlər, asteroidlər və hətta potensial planetlər kimi böyük ölçülü obyektlərə çevrilə bilirlər.
Hesab olunur ki, dimetil efir kimi bir çox mürəkkəb üzvi molekullar ulduzların özləri doğulmazdan daha əvvəl yaranırlar. Soyuq şəraitdə atomlar və karbon monoksit kimi sadə molekullar toz hissəciklərinə yapışaraq buz təbəqəsi əmələ gətirir və daha mürəkkəb molekullar əmələ gətirən kimyəvi reaksiyalara girirlər.
Tədqiqatçılar kəşf ediblər ki, IRS 48 ulduzu ətrafındakı disk, toz tutucu, həm də mürəkkəb molekullarla zəngin olan buzun içində toz hissəciklərini ehtiva edən bir buz anbarıdır. Məhz diskin bu bölgəsində ALMA teleskopu dimetil efir molekulunun izlərini tapıb: IRS 48-dən gələn istilik buzu qaza çevirdikcə, soyuq buludlarda tələyə düşmüş molekullar sərbəst buraxılır və aşkar edilə bilir.
Dimetil efirinin kəşfi, ulduzəmələgəlmə bölgələrində tapılan bir çox digər kompleks molekulların da protoplanet disklərindəki buzlu strukturlarda gizlənə biləcəyini göstərir. Bu molekullar həyatın əsas tikinti bloklarından olan amin turşuları və şəkər kimi prebiotik molekulların yaradıcılarıdır.
Beləliklə, onların əmələ gəlməsini və təkamülünü öyrənməklə tədqiqatçılar prebiotik molekulların Günəş sistemində və bizim planet də daxil olmaqla, planetlərdə necə yarandığını daha yaxşı anlaya bilərlər.
Daha dərin tədqiqatlar üçün ulduzun sonrakı müşahidələrinin yaxın zamanlarda istifadəyə veriləcək ELT-də ( Extremely Large Telescope) aparılması planlaşdırılır.
Qeyd edək ki, bu tədqiqat işi Astronomy and Astrophysics jurnalında çap olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.