Fevralın 23-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti onlayn astroseminar keçirilib.
Seminara rəhbərlik edən AMEA-nın müxbir üzvü Namiq Cəlilov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra rəsədxananın "Nəzəri Astrofizika və kosmologiya" şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bala Əli Rəcəbov "Kvant mexanikası və kosmologiya" mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi kvant mexanikasının inkişaf mərhələlərindən, istər klassik, istərsə də kvant mexanikasında istifadə olunan formalizmlərdən danışıb. Təqdim olunan işdə görünəbilirlər cəbrinə və onun təsvirlərinə xüsusi yer verilib. Bala Əli Rəcəbov Kvant mexanikasının kosmolgiyaya tətbiqinin fundamental çətinlikləri və onun həll edilməsi perspektivləri haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. O, yüksək enerjilər fizikasında son eksperimental nəticələr və onların kosmologiyada oynaya biləcəkləri rolu şərh edib.
Seminar iştirakçıları tərərfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.