Amerikanın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA - National Aeronautics and Space Administration) qaranlıq materiyanın Günəş sistemindəki obyektlərə - kosmik gəmilər və uzaq kometlərə təsirini hesablayan yeni bir araşdırma haqqında məlumat yayıb.
Tədqiqat işi İngiltərənin Kral Astronomiya Cəmiyyəti (Royal Astronomical Society) tərəfindən resenziya olunmuş Monthly Notices jurnalında dərc olunmuşdur.
Tədqiqatın rəhbəri Yeşiva Universitetinin professoru, riyaziyyatçı və astrofizik Edvard Belbrunodur . O, Süd Yolu qalaktikası üçün qara maddənin normal maddə ilə kombinə olunmuş ümumi cazibə qüvvəsini hesablayıb və bu kəmiyyəti "Qalaktik qüvvə" adlandırıb.
O aşkar etmişdir ki, Günəş sistemi təxminən eyni miqdarda qara maddə və normal maddədən təşkil olunmuşdur. Belə ki, hesablamalara görə Günəş sistemində bu qüvvənin 45%-i qara maddənin, 55%-i isə adi materiyanın (barion materiyasının) payına düşür.
Müəllifləri izah edirlər ki, qaranlıq materiya Günəş sistemini tərk etmiş kosmik gəmilərə "çox zəif" təsir göstərir. Həmin kosmik gəmilərə Pioner 10 və 11 zondlarını; Voyager-1 və Voyager-2 zondlarını; New Horizons kosmik gəmisini misal göstərmək olar.
Hesablamalara görə bir kosmik gəmi qara maddənin cazibəsini Günəşdən 30.000 astronomik vahid (a.v) məsafədə hiss edə bilər. Bu, Yer-Günəş məsafəsinin 30.000 qatı deməkdir və Plutondan belə xeyli uzaqdadır. Lakin hələ də 100.000 a.v-də qədər uzanan Oort Buludunun içərisindədir və bunun kosmik gəmiyə böyük təsirləri ola bilər.
Bu o deməkdir ki, qaranlıq materiyanın cazibə qüvvəsi 2017-ci ildə başqa bir ulduz sistemindən gələn və Günəş sisteminin daxilindən keçən Oumuamua kimi obyektlərin trayektoriyasında rol oynaya bilər. Müəlliflər deyirlər ki, onun qeyri-adi yüksək sürəti qara maddənin cazibə qüvvəsinin milyonlarla illər ərzində həmin obyektə göstərdiyi təsirlə izah oluna bilər.
Əgər Günəş sisteminin xarici hissəsində elm adamlarının son illərdə axtardıqları “Planet 9” və ya “Planet X” adlı nəhəng bir planet varsa, qaranlıq maddə də onun orbitinə təsir göstərməlidir. Bu planet mövcuddursa, qaranlıq materiya onu elm adamlarının hazırda axtardığı ərazidən uzaqlaşdırmış ola bilər. Qaranlıq materiya həmçinin Oort Buludu kometlərinin bir hissəsinin tamamilə Günəşin orbitini tərk etmələrinə də səbəb ola bilər.
Alimlər hesab edirlər ki, Günəş sistemindəki qara maddənin təsirlərini ölçmək üçün gələcəkdə bir kosmik gəminin mütləq 30.000 a.v məsafəyə kimi səyahət etməsinə ehtiyac yoxdur. Lazımi cihazlardan istifadə olunarsa, 100 a.v məsafədə kosmik gəmi astronomlara qaranlıq maddənin təsirini ölçməkdə yardımçı ola bilər.
Xüsusilə, Günəşdən çox uzağa uçmağa imkan verən Pioneer 10 və 11, Voyagerlər və New Horizon kimi radio-izotop enerjisi ilə təchiz olunmuş gəmilər bu ölçməni edə bilər. Bu cür gəmilər əksetdirici kürə daşıya və onu müvafiq məsafədə ata bilər. Bu halda kürəyə ancaq qalaktik qüvvənin təsiri olacaqdır. Kosmik gəmi isə qalaktik qüvvə ilə yanaşı, enerji sistemindəki radioaktiv elementin parçalanmasından yaranan termal qüvvə nəticəsində əlavə istilik alacaqdır. Beləliklə, istilik qüvvəsinin təsirini çıxmaqla kürənin və kosmik gəminin trayektoriyasındakı dəyişikliklərə uyğun olaraq qalaktik qüvvənin obyektlərə təsirini hesablamaq mümkün olacaqdır.
Qeyd edək ki, qara maddə adi maddə ilə qarşılıqlı əlaqədə deyil, işıq və digər elektromaqnit dalğaları üçün görünməzdir. Müasir nəzəriyyəçilərə görə, Kainatda adi maddədən qat-qat çox qara maddə vardır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.