Fevral ayının 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Gənclər gününə həsr olunmuş “Azərbaycan gəncliyi – Gələcəyin kapitalı” tədbiri keçirilib. Zoom platforması üzərindən onlayn təşkil olunmuş tədbirdə fəxri qonaq qismində millət vəkili, YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov, o cümlədən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, ŞAR-ın Baş direktoru, müxbir üzv Namiq Cəlilov, AMEA və ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını salamlayıb və çıxış üçün sözü millət vəkili Anar İsgəndərova verib.
Anar İsgəndərov Azərbaycanın intellektual gənclərinin inkişafı ilə bağlı dövlət siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyularaq hazırda Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirildiyi vurğulayıb. O qeyd edib ki, hələ ötən əsrin 70-80-ci illərində Ulu Öndərin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Hazırda həmin yüksəksəviyyəli kadrların çoxu təkcə ali təhsil müəssisələrində, Milli Elmlər Akademiyasında deyil, həm də müxtəlif ölkələrin tanınmış mərkəzlərində çalışaraq dünya elminə töhfə verirlər. Ölkəmizdə gənclər siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirilir. Gənclərlə bağlı məsələlər dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edilir, gənclərin bilik və bacarıqları yüksək qiymətləndirilir, bu sahədə əməli tədbirlərə xüsusi önəm verilir. Dövrün tələblərinə uyğun olaraq gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilir, onların hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulur. Gənclər hərəkatının geniş vüsət almasına təkan verən forumlar və silsilə tədbirlər keçirilir.
Sonra çıxış üçün söz Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, Hüseyn Cavid 115 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Namiq Cəlilova verilib.
Çıxışına gəncləri təbrik edərək başlayan Namiq Cəlilov, hər bir ölkənin gələcək müqəddəratının məhz gənclərin bilik və bacarığının nə dərəcədə inkişaf etdirilməsindən asılı olduğunu vurğulayıb. O, ölkəmizdə sağlam düşüncəli və savadlı gənclərin yetişdirilməsinin dövlət siyasətinin ən prioritet məsələlərindən olduğunu qeyd edib. Bildirib ki, nəsillərin biri-birini əvəz etməsi prosesi milli, mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından bacarıqlı gəncliyin formalaşdırılmasını zəruri edir. Azərbaycan tarixi həqiqətlərinin Wikipediyada və virtual məkanın başqa səhifələrində təbliğ etmək üçün uzun illərin təcrübəsini qazanmış alim və mütəxəssislərimizlə birgə bu işləri gənclərimiz daha çevik və kreativ şəkildə edə bilir. Gənclərin qlobal çağırışlara cavab vermək üçün elm, texnologiya və innovasiyanın zərurətə çevrildiyi müasir dövrün əsas aparıcı qüvvəsi olduğunu vurğulayan N.Cəlilov gənclərin vətənə böyük sevgiylə, sədaqətlə, tərbiyə olunması və yüksəksəviyyəli kadr kimi hazırlanmasının vacibliyini ifadə edib. Müasir Azərbaycan gəncliyinin müxtəlif fəaliyyət sahələri üzrə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda, dünya miqyasında qazandıqları uğurlarla özünü doğrultduğunu qeyd edərək gənclərin əldə etdiyi elmi nailiyyətlərdən söz açıb. Hazırda müxtəlif illəri əhatə edən məqsədyönlü dövlət proqramlarının icrası nəticəsində ölkəmizin ictimai-siyasi və mədəni həyatında gənclərin daha fəal iştirakı üçün bütün lazımi şərait yaradılıb, məqsəd, prinsip və istiqamətlər müəyyən edilib. Gənclərin aparıcı qüvvəyə çevrilməsi və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə bu əməli tədbirlər davamlı olaraq həyata keçirilir. Dövlət quruculuğunda və digər taleyüklü məsələlərdə gənclərin daha yaxından iştirakına şərait yaradılması məqsədilə gənclər təşkilatlarının inkişafına xüsusi diqqət yetirilir. Gənclərimizin vətənpərvərliyindən bəhs edən alim İkinci Qarabağ müharibəsi zamanı gənclik dövrünə yenicə qədəm basmış oğullarımızın göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Müstəqillik dövründə formalaşan Azərbaycan gəncinin azad fikirli insan kimi yetişməsinin üstünlüklərini ifadə edən N.Cəlilov gəncləri bilik və bacarıqlarını inkişaf etdirmək üçün yaradılmış imkanlardan maksimum yararlanmağa səsləyib.
Açılış hissəsinin yekununda Gənclər gününün tarixçəsi və Gənclər siyasətinin mahiyyəti və uğurlu nəticəsini özündə əks etdirən video-çarx izlənilib.
Daha sonra tədbir öz işini məruzələrlə davam etdirib. Tədbirdə Lalə Səlimzadə (ŞAR - Kitabxana müdiri) “Gənclər siyasətinin təhsilin inkişafında fundamental rolu”, Aynurə Həsənova (ŞAR GAMŞ sədri) “Azərbaycan gəncləri elmdə”, Aysən Fərəcova (İnformasiya Texnologiyaları İnstitutu, AMEA GAMŞ) “Gənclərin elmi məsələlərin həllində informasiya kommunikasiya infrastrukturu vasitəsilə birgə fəaliyyət konsepsiyası”, a.f.d, dos. Həmayil Adıgözəlzadə (ŞAR - “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri) “Gənclər arasında elmin təbliği və təşviqi”, Günay Hacıyeva (ŞAR - elmi işçi) “Dünya Astronomiyasına töhvə verən gənclər”, Orxan Salehli (ŞAR - “İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr” şöbəsinin müdiri) “Gənclər siyasətinin aspektləri” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin sonunda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinə uyğun olaraq dövlətimizin gənclərə diqqət və qayğısından bəhs edib. Bu gün Azərbaycan gənclərinin cəmiyyətin ictimai həyatında aparıcı qüvvəyə çevrildiyi, dövlətimizin inkişaf və tərəqqisinə töhfələr verdiyini qeyd edib. 44 günlük Vətən müharibəsi dövründə şanlı qələbənin qazanılmasında, istər ön, istərsə arxa cəbhədə, eləcə də informasiya müharibəsində gənclərimizin rolunu vurğulayaraq onları təbrik edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.