Astronomlar Yerdən çox uzaqda nəhəng ekzoplanetin orbitində fırlanan ikinci ekzo Ay olmağa namizəd obyekt aşkar ediblər.
Alimlərin fikrincə bu obyekt Günəş sistemindəkilərdən tamamilə fərqli ola bilər. Bu, Günəş sistemindən kənarda tapılmış ikinci belə obyektdir. Nəhəng peyk Yerdən 5500 işıq ili uzaqlıqda yerləşən Yupiter böyüklüyündəki Kepler 1708b adlı planetin ətrafında fırlanır.
Nature Astronomy jurnalında dərc olunan məlumata əsasən bu göy cismi Yerdən təxminən 2.6 dəfə böyükdür. Bizim Günəş sistemində bu böyüklükdə Ay mövcud deyil. Nümunə üçün qeyd edək ki, bizim təbii peykimiz olan Ay, Yer planetindən 3.7 dəfə kiçikdir.
Bu elmi yenilik Kolumbiya Universitetinin "Cool Worlds" Laboratoriyasının əməkdaşı Devid Kippinqqin ikinci belə kəşfidir. O, ilk dəfə 2018-ci ildə Kepler-1625b ekzoplanetinin Neptun böyüklüyündə peykini aşkar etmişdi.
Devid Kippinq qeyd edir ki, bu günə kimi 10000-dən çox ekzoplanet kəşf olunsa da, onların peyklərini aşkarlamaq xeyli çətindir.
Qeyd edək ki, Aylar haqqında daha çox məlumat əldə etmək, məsələn, onların necə əmələ gəlməsi, orada həyat əlamətlərinin olub-olmaması, onların planetlərdə həyatın yaranmasında rol oynayıb-oynamadıqları ilə bağlı suallara cavab tapılması, öz növbəsində planet sistemlərinin necə formalaşdığını və təkamül etdiyini daha yaxşı anlamaq üçün vacibdir.
Kippinq və onun komandası hələ də onlar tərəfindən tapılan ilk obyektin ekzoplanet peyki (exo-Moon) olması faktını təsdiq etmək üçün tədqiqatlara davam edirlər və bu, ikinci obyekt üçün də keçərlidir.
Qalaktikamızda 4000-dən çox ekzoplanetin olması təsdiq olunmuşdur. Lakin onlar çox çətinliklə aşkar olunublar. Onların əksəriyyəti tranzit metodla və ya planet ulduzun önündən keçən zaman işığın itməsi vasitəsilə tapılıblar. Planetlərin peykləri isə ölçücə daha kiçik olduqlarından onları ulduzun parlaqlığının dəyişməsi vasitəsilə qeydə almaq çox çətindir.
Kippinqin komandası bu obyekti tapmaq üçün NASA-nın Kepler proyektinin məlumat bazasından istifadə ediblər. Araşdırılmış 70 obyektdən ancaq birində 1% xəta ilə planetin peyki ola biləcək obyetkin siqnalları aşkar olunmuşdur.
Komanda tərəfindən aşkar olunmuş hər iki obyekt çox güman ki, qaz nəhəngidirlər və öz planetlərindən kifayət qədər uzaqda yerləşirlər.
Ümumilikdə, peyklərin formalaşması haqqında 3 əsas fərziyyə vardır:
- İki nəhəng obyekt toqquşan zaman qalıqlardan Ay formalaşır;
- Obyekt daha böyük cismin cazibəsinə düşərək onun peykinə çevrilir;
- Ulduz ətfafında fırlanan qaz-toz buludundan planetlər kimi, həm də onların peykləri yaranır.
Ola bilsin ki, ekzomunlar əvvəlcə planet kimi formalaşıblar, lakin sonra daha böyük planetin cazibəsinə düşərək peykə çevriliblər.
Bu iki obyektin ekzomun olmasını təsdiq etmək üçün tədqiqatların davam etdirilməsinə ehtiyac vardır. Kippinq və onun komandası Habbl və Ceyms Webb teleskopu ilə onları müşahidə etməyi planlaşdırırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.