Otuz iki il öncə baş vermiş qanlı yanvar hadisəsi tariximizə təkcə faciə olaraq deyil, həm də xalqımızın milli müstəqilliyi, azadlığı uğrunda yenilməz mübarizəsini və sarsılmaz iradəsini əks etdirən qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Yaxın keçmişdə yaşanan hadisələrin şahidi olmuş hər kəsə yaxşı bəllidir ki, bu qanlı cinayət azərbaycanlıların İrəvandakı əzəli yurdundan, tarixi torpaqlarından daha bir kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayaraq SSRİ rəhbərliyinin daşnaqçı ermənilərin mənfur ideologiyasına aşıq-aşkar havadarlıq etməsinin əməli nəticəsi idi.
Azərbaycan xalqına qarşı növbəti dəhşətli cinayətin törədildiyi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə məhz SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilmişdir. Təpədən-dırnağadək silahlanmış muzdlu əsgərlərin, xüsusi təyinatlı dəstənin vəhşiliklərinə məruz qalan oğul və qızlarımız o müdhiş gecədə tankların qarşısına çıxaraq haqq səsini ucaltmış, canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmişlər. O mürəkkəb şəraitdə, məşəqqətli günlərdə uzun illər sovet imperiyasının əsarətində yaşamış xalqımız ölkəmizin suverenliyi uğrunda böyük cəsarət nümayiş etdirmişdir.
İllər keçsə də əliyalın qocalara, körpələrə, yaralılara yardım etmək istəyən tibb işçilərinə, həmçinin asayişi qorumağa çalışan polislərə qarşı törədilən və günahsız insanların amansızcasına qətlə yetirilməsi ilə nəticələnən o qanlı qırğının ağrı-acısını unutmaq mümkün deyil. Azərbaycanda müstəqillik hərəkatını sürətləndirərək milli kimliyimizin formalaşmasına həlledici təsir göstərən bu hadisə dövlət müstəqilliyimizin bərpa edilməsində dönüş nöqtəsi oldu və Sovet İttifaqına ciddi zərbə vurdu. Həmin gün dinc əhaliyə qarşı vəhşilik, xüsusi qəddarlıq nümayiş etdirən silahlı qüvvələrə, ahıl, uşaq demədən üzərlərinə yeriyən tanklara rəğmən və Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsinə baxmayaraq, 2 milyona yaxın insanın iştirakı ilə yanvarın 22-də “Azadlıq” meydanında matəm yürüşü keçirildi. Şəhidlər xiyabanındakı dəfn mərasimində xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırıldı və fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edildi. Kommunist partiyasının minlərlə üzvü öz partiya biletlərini yandırdı, milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi.
Demokratik suveren dövlət qurmaq amalı ilə ayağa qalxan xalqımızın müstəqillik arzusunu boğmaq məqsədilə törədilən bu cinayətə ilk olaraq Ümummilli Lider Heydər Əliyev öz etirazını bildirmişdir. Faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər keçirdiyi mətbuat konfransında bu vəhşiliyi və onu törədənləri kəskin ittiham edərək, dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi pisləmişdir. 146 nəfərin Şəhid olması, 744 insanın yaralanması ilə nəticələnən yanvar faciəsinə tam siyasi-hüquqi qiymət də məhz Heydər Əliyevin təşəbbüsü ilə Ulu Öndərin müstəqil respublikamıza rəhbərlik etdiyi dövrdə verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş və 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilmişdir.
O zaman Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna qanuna zidd olaraq yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunmuşdur. Bu haqda yayılan rəsmi məlumatlara əsasən əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanuni əsası olmadan həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
20 Yanvar faciəsi zamanı həlak olanlar Bakının ən müqəddəs məkanlarından biri olan Şəhidlər Xiyabanında dəfn olunan ilk azadlıq carçıları, müstəqilliyimizin bərpasının fədailəri oldular. Şəhidlərimizin uyuduğu və vahid kompleks kimi yenidən qurulduğu bu məkan isə hər bir vətəndaşımızın and yerinə çevrildi. Xalqımız fəxarət və qürur mücəssəməsi olan vətənpərvər övladlarının xatirəsini hər zaman əziz tutur. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin mütəmadi olaraq imzaladığı sərəncamlarla müstəqil dövlətçiliyimizin rəmzi abidəsinə çevrilmiş 20 Yanvar Şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində əməli tədbirlər görülür. Hər il faciənin ildönümündə Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir, böyükdən-kiçiyə hər kəs xalqımızın vətənpərvər övladlarını qürurla anır. Respublikamızda olduğu kimi, dünyanın müxtəlif ölkələrində də Azərbaycanın istiqlal fədailərinin xatirəsinin dərin ehtiramla yad edildiyi anım mərasimləri təşkil olunur.
Ölkəmizin elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyasında, o cümlədən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığını ifadə edən silsilə tədbirlər keçirilir, bu qanlı qırğınla əlaqədar həqiqətlər, tarixi təfərrüatlar bir daha dünya ictimaiyyətinə çatdırılır. Vətənimizin azadlığı, ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalmış istiqlal fədailəri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində yeni parlaq səhifə açaraq qəlbimizdə daimi məskən saldılar. Şamaxı Astrofizika Rəsədxanasının kollektivi olaraq, müstəqilliyimizin yenidən bərpa edilməsi uğrunda fədakarlıq göstərən Şəhidlərimizi qürurla anırıq və onlara Allahdan rəhmət diləyirik!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.