12 aprel bir çox dünya ölkələrində "Ümumdünya Aviasiya və Kosmonavtika Günü" kimi qeyd edilir. 1961-ci ilin məhz bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin "Vostok" kosmik gəmisi ilə orbitə çıxaraq 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib. Bununla da kosmosun fəthi erasının əsası qoyulub. Həmin vaxtdan başlayaraq bu günədək 32 ölkədən yüzlərlə kosmonavt və astronavt orbitə çıxıb.
Açıq fəzada 747 gün 17 saat keçirərək kosmosda hamıdan çox qalan rusiyalı kosmonavt Sergey Avdeyev olub. Bir uçuşun davamiyyətinə görə lider statusu qazanan isə ixtisasca həkim olan Valeri Polyakov olub. O, "Mir" stansiyasında bir ildən çox - 437 gün 17 saat olub. Dünyada ilk qadın kosmonavt da məhz rusiyalı Valentina Tereşkovadır.
Bu günün tarixi yaddaşında Azərbaycan alim və mütəxəssilərinin özünəməxsus yeri, mövqeyi var. Elə sovet kosmonavtikasının uğurlarından bəhs edərkən görkəmli alim, AMEA-nın fəxri üzvü, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri, eyni zamanda Sovet kosmik proqramının banilərindən biri Kərim Kərimovun adı böyük ehtiramla çəkilir. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatı, "R-2" raketlərinin istehsalında müstəsna rolu olan K.Kərimovun şəxsiyyəti uzun illər ictimaiyyətdən gizli saxlanılıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncama uyğun olaraq 2017-ci ilin noyabrında AMEA-da dünya şöhrətli elm adamlarının iştirakı ilə alimin 100 illik yubiley tədbiri təşkil olunub.
Onu da əlavə edək ki, kosmik gəminin yaranmasında general Kərim Kərimovla yanaşı, akademik Tofiq İsmayılov, mühəndislər Füzuli Fərəcov, Vəfadar Babayev, İzzətəli Ağayev, Firdus Kərimov və digərləri də iştirak ediblər.
Qeyd edək ki, kosmosu fəth edən qəhrəmanların sırasında həmyerlimiz Musa Manarov da yer alır. Bakıda dünyaya göz açan kosmonavt həm də kosmonavtika tarixində ikinci ən uzunmüddətli kosmik uçuşu həyata keçirib. Eyni zamanda, o, dünyada ilk dəfə açıq kosmosdan Yerlə radio əlaqəsinə girməsi ilə yadda qalıb. İlk uçuşunu 1987-ci il dekabrın 21-də kosmonavt Vladimir Titovun komandirliyi ilə "Mir" orbitlərarası stansiyasının "Soyuz TM-4" gəmisində bort mühəndisi kimi həyata keçirən M.Manarov Yerə 365 gün 23 saatdan sonra qayıdaraq kosmosda o dövr üçün ən uzun müddət qalan iki planet sakinindən biri olmuşdur. Bu qəhrəmanlığına görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Azərbaycan əsilli digər kosmonavt Allen Mirqədirov (Ələkbər Mirqədirov) hazırda ABŞ aerokosmik mühəndisi və Hərbi Hava Qüvvələrinin zabitidir. 2014-cü ildə Allen Mirqədirov və daha 5 nəfər NASA komissiyası tərəfindən Marsa uçuşa maksimum bənzəyən təcrübə üçün seçilib. Təcrübədə Allen avadanlığın, o cümlədən kompüterlərin texniki vəziyyətinə, onun işlək vəziyyətdə olmasına və uçuş marşrutuna görə məsuliyyət daşıyıb. Bundan əlavə, o uçuş trayektoriyasını optimallaşdıran kompüter proqramının işlənib hazırlanması ilə məşğul olub. Yuri Qaqarinin həyat yoluna marağı onu kosmonavtika sahəsinə gətirib çıxarıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda kosmos səyahətinə elmi maraq ötən əsrin əvvəllərindən meydana çıxıb. 1927-ci ildə Leninqrad Astronomiya İnstitutunun Cənub reqional müşahidə məntəqəsinin seçilməsi məqsədilə astronomik ekspedisiyaların aparılması məsələsi qərara alınıb. 1930-cu ilin iyul-avqust aylarında həmin institutun və Azərbaycan elm cəmiyyətinin bir sıra əməkdaşı birlikdə əvvəlcə Xankəndi, Şuşa və Laçın rayonları ərazisində astroiqlimi öyrənmişlər, lakin burada uyğun hava şəraitininın kifayət qədər olmaması nəticəsində digər dağlıq rayonlarımızda müşahidələr davam etdirilmişdir. O zaman bu sahədə kadr çatışmazlığı üzündən bir çox layihələr yarımçıq qalmışdır.
Bir qədər sonra Nəsirəddin Tusi irsini araşdıraraq onun astronomiya və riyaziyyat elmləri sahəsindəki xidmətlərini geniş şəkildə işıqlandıran görkəmli alim, Beynəlxalq Astronomiya Birliyinin həqiqi üzvü Həbibulla Məmmədbəyli bu sahənin inkişafına böyük töhfə verib. Onun astronomiyanın ana dilində tədrisi, geniş təbliği, dərsliklərin hazırlanması və mütəxəssislərin formalaşmasında rolu əvəzsizdir. Bu sahədə kadr potensialının formalaşması və rəsədxananın yerinin müəyyənləşdirilməsində H. Məmmədbəylinin və digər tanınmış alim Hacıbəy Sultanovun xidmətləri danılmazdır. Beləliklə, 1959-cu ildə Astrofizika Sektoru və onun Pirqulu Astronomiya Stansiyasının əsasında, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Şamaxı Astrofizika Rəsədxanası yaradılmışdır. 1960-cı ildən isə müstəqil elmi-tədqiqat institutu kimi Azərbaycan SSR EA strukturuna daxil edilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının alimləri tərəfindən aparılan müşahidələr nəticəsində müxtəlif planetlərin öyrənilməsində böyük uğurlar əldə olunmuşdur. Bu elmi nailiyyətlər Beynəlxalq Astronomiya İttifaqı tərəfindən yüksək qiymətləndirilmişdir.
Digər əlamətdar hadisələrdən biri də Azərbaycan Milli Aerokosmik Agentliyinin 1974-cü ildən Azərbaycan Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərməsi və 1981-ci ildə onun bazasında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyinin yaradılmasıdır.
Qeyd etdiyimiz kimi, bu gün kosmosun ilk dəfə fəth olunması ilə səciyyələnən hadisədən 60 il ötür. Bu əlamətdar gündə Azərbaycanda aerokosmik sənayenin inkişafı istiqamətində görülən işlərdən də qürurla söz açmaq olar. 2008-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla əsası qoyulan sözügedən sahədə həyata keçirilən əməli tədbirlər nəticəsində xeyli irəliləyişlər əldə olunub. Ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsinə və inkişafına xidmət edən layihələr icra olunub. Onlardan biri 2010-cu ildə hazırkı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində təsis edilən və Qafqazda əsas peyk operatoru hesab olunan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətidir. Ən son texnologiya ilə təchiz edilən "Azərkosmos" yerüstü şəbəkələrin əhatə dairəsinə daxil olmayan peyk əsaslı xidmətlərdən faydalanmaq üçün geniş imkanlar yaradır.
Bu istiqamətdə ölkəmiz ən böyük uğura 2013-cü il fevralın 8-də imza atdı. Orbitə çıxarılan Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1" Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən çox ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynayır. Çəkisi təxminən 3 200 kiloqram olan "Azerspace-1" Malayziyanın "Measat Satellite Systems" şirkəti tərəfindən istifadə olunan və "Azərkosmos" ASC-yə icarəyə verilən 46° Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşir. Peykimiz ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti tərəfindən işlənib hazırlanan "STAR-2" platforması əsasında hazırlanıb, istismar müddəti azı 15 il təşkil edir. Aparat Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri, Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərir.
"Azerspace-1"in orbitə buraxılması ilə keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsi təmin olunub.
Əsasən Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət edən Azersky adlı müşahidə peyki isə orbitə 2014-cü il iyunun 30-da buraxılıb. Azərbaycanın üçüncü peyki olan Azerspace-2 2018-ci il sentyabrın 28-də kosmosa buraxılıb. Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə şıxarılan peyk sentyabrın 26-na keçən gecə saat 2:38 radələrində orbitə qalxıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.