Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniyanın Berkli Universitetinin professoru Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) anadan olduğu gündən 100 il keçir.
Adı fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlər sırasında yer alan alimin irəli sürərək inkişaf etdirdiyi nəzəriyyə müxtəlif elm sahələrinin, xüsusilə də süni intellekt sahəsində tədqiqatların inkişafına təkan verib. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərərək müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb. Dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimimizin yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir.
Lütfi Zadə dünyanın nüfuzlu mötəbər cəmiyyətlərinin və fondların mükafatlarına layiq görülmüşdü, onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru adını almışdı. Elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsini isə müsahibələrinin birində fəxrlə ifadə etmişdi.
Hər zaman tarixi şəxsiyyətlərinə böyük hörmət və rəğbət bəsləyən dövlət başçımız və xalqımız Azərbaycanlı olduğunu fəxrlə bildirən alimimizin də xatirəsini əziz tutur. Cari ilin 25 yanvar tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin qeyd olunmasına dair Sərəncam imzaladı. Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyi tədbirlər planını birgə hazırlayıb həyata keçirəcək. İl ərzində AMEA-nın müvafiq elmi müəssisələrində alimin elmi fəaliyyətinə həsr olunan konfrans, seminar və digər müxtəlif tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, taleyin hökmü ilə uşaqlıq çağlarından Vətəndən uzaq düşsə də, həyatının sonunadək Lütfi Zadənin qəlbi doğma Azərbaycanla çırpınırdı. Elə bu səbəbdəndir ki, hər zaman doğma yurdu ilə fəxr edən alimimiz vəsiyyətində son mənzili olaraq Vətən torpağını seçdi və vəsiyyətinə uyğun olaraq, 2017-ci il sentyabrın 6-da ABŞ-da 96 yaşında vəfat etdikdən sonra sentyabrın 29-da alimimizin nəşi Azərbaycana gətirilmiş və 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Görkəmli alimimizin 100 illliyi ilə əlaqədar N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və rəsədxananın bir qrup əməkdaşı Fəxri Xiyabana gələrək, ürəyi daim doğma Vətəni ilə döyünən Lütfi Zadəni ziyarət edib. Görkəmli alimin xatirəsi ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.