Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.
Elmi şuranın sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Namiq Cəlilov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması və ölkəmizin zəfər qazanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şanlı qələbəsiylə yadda qalan 10 noyabr tarixinin ölkəmiz üçün yeni mərhələnin başlanğıcı olduğunu vurğulayıb. İşğaldan azad edilmiş ərazilərlə bağlı prioritet elmi-tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini ifadə edən alim bu sahədə Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib.
İclasda ŞAR-ın ilk direktoru, akademik Hacıbəy Sultanovun 2021-ci ildə 100 illik yubileyinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, 1972-ci ildə akademiyanın həqiqi üzvü seçilən alim Fizika-Riyaziyyat İnstitutunda astronomiya ekspedisiyasının rəisi, astrofizika şöbəsinin müdiri və eyniadlı sektorun rəhbəri vəzifələrində çalışıb. 1959-cu ildən 1981-ci ilədək Şamaxı Astrofizika Rəsədxanasına rəhbərlik edib, Azərbaycan SSR EA-nın vitse-prezidenti olub. Beynəlxalq Astronomiya İttifaqı və Avropa Astronomiya Cəmiyyətinin üzvü olan akademik Hacıbəy Sultanov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Onlayn tədbirdə görkəmli alimin yubileyinin keçirilməsi ilə bağlı AMEA FRTEB qarşısında vəsatətin qaldırılması qərara alınıb.
İclasda, həmçinin ŞAR-ın I kurs magistrantı Aytac İskəndərovanın diplom işinin “Volf-Raye tipli HD191765 ulduzunun fotometrik dəyişkənliyi” mövzusu təsdiq olunub, elmi rəhbəri f.r.ü.f.d., dosent Canməmməd Rüstəmov təyin edilib.
Tədbirdə ötən ilin sentyabrında AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə Almaniya Federativ Respublikasının Leibniz adına Potsdam Astrofizika İnstitutuna ezam olunmuş ŞAR-ın böyük elmi işçisi a.ü.f.d., dosent Həmayıl Adığözəlzadənin hesabatı da dinlənilib. Gənc alim nüfuzlu elmi mərkəzdə Svetlana Hübriq və Nəriman İsmayılovun elmi rəhbərliyi ilə cavan T Buga tipli Ae/Be Herbiq ulduzlarında maqnit sahəsi üzrə tədqiqat aparıb.
Müzakirəyə çıxarılan digər məsələ ŞAR-ın fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Rəcəb İsmayıllının Belçikanın Leuven Katolik Universitetində ezamiyyət vaxtının uzadılması barədə olub. Məlumat üçün bildirək ki, Rəcəb İsmayıllı sözügedən universitetin Astrofiziki Plazmanın Riyazi problemləri mərkəzində prof. dr. Tom Van Durseların rəhbərliyi altında “Günəş tacında maqnithidrodinamika dalğalarının ədədi modeli” mövzusu üzrə PhD təhsil alır. Alınan ilkin nəticələrin əhəmiyyəti nəzərə alınaraq Belçikanın Leuven Katolik Universiteti tərəfindən tədqiqatçının araşdırmasını davam etdirməsi məqsədilə daha üç il müddətinə orada qalması üçün razılıq verilib. İclasda sözügedən məsələ ilə bağlı AMEA FRTEB qarşısında vəsatətin qaldırılması qərara alınıb.
Tədbirdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dair astrofiziki tədqiqatların aparılması ilə bağlı əhəmiyyətli təkliflər səsləndirilib, bir sıra cari məsələlərə də baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.