Fevral ayının 18-də, görkəmli astrofizik, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat elmləri doktoru (2004), AMEA-ın müxbir üzvü (2007) Namiq Cəlilovun 65 yaşı tamam olur.
Namiq Sərdar oğlu Cəlilov 1955-ci il tarixində Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini bitirdikdən (1972-1977) sonra o,1980-2004-cü illərdə Rusiya və Almaniyanın məşhur elm ocaqlarında (Yer maqnetizmi, İonosfer və Radio dalğalarının yayılması institutunda (Moskva, ИЗМИРАН) və Potsdam Astrofizika İnstitutunda) işləmiş və mükəmməl bir nəzəriyyəçi alim kimi yetişmişdir. O, kosmik plazma fizikası sahəsində tanınmış mütəxəssisdir.
Elmi fəaliyyətinə N.S.Cəlilov Günəş fizikasının çox aktual sahəsi olan Helioseysmologiyanın nəzəri problemləri ilə başlamış və fundamental nəticələrə nail olmuşdur:
1) Tunel effekti və dalğaların mühitdə şüalanma ilə qarşılıqlı təsirini nəzərə alaraq mövcud nəzəri modeli ümumiləşdirmişdir;
2) Rusiya, Kanada və İspaniyadan olan alimlərlə birlikdə neytrino fizikası sahəsində pioner işlərin müəllifidir. Günəşin fundamental probleminin - Günəşin neytrino selinin defisiti (Yerdə ölçülən neytrinoların sayı Günəşdə nüvə reaksiyalarından şüalanan neytrinolərın sayından azdır; sonralar bunu kəşf edən alimlərə Nobel mükafatı verilmişdir) probleminin həlli üçün yeni ideya irəli sürülmüş və nəzəri model qurulmuşdur. Qurulmuş bu nəzəri model kosmik obyektlərin neytrino tomoqrafiyasının başlanğıcı hesab olunur;
3) Müasir elmin qarşısında duran çox mühüm problemlərdən biri də getdikcə daha da aktuallaşan Yer iqliminin qlobal istiləşməsidir. İqlimdəki qlobal dəyişmələrin Günəşlə bağlılığı artıq sübut olunmuşdur. İlk dəfə N.S.Cəlilov tərəfindən (Rusiya və Almaniya alimləri ilə birlikdə) Günəşin diferensial fırlanması ilə bağlı olan burulğanlı qlobal rəqslərin nəzəriyyəsi irəli sürülmüşdür. Bir neçə min illik perioda malik Rossbi tipli bu burulğanlar Günəşin mərkəzində baş verən nüvə reaksiyalarının sürətinə təsir edir və Günəşin səthində onun optik xassələrini dəyişdirə bilir. Bu isə Günəşdən Yerə gələn inteqral enerjinin kvaziperiodik variasiyasına və nəticədə Yerin iqlimində qlobal dəyişmələrə səbəb olur;
4) Günəş -Yer əlaqələri fizikası ilə bağlı olan digər mühüm problemlər Günəş küləyi ilə bağlıdır. Günəşin tacında baş verən mürəkkəb maqnit topologiyasına malik fiziki proseslər onun milyon dərəcəyə qədər qızmasına, partlayışlara, yüksək enerjili plazma kütlələrinin Yerə tərəf atılmasına və nəticədə Günəş küləyinin və yaranan zərbə dalğasının birbaşa Yerin eko, texno və bio sistemlərinə təzyiqinə və bir sıra katostrofik hadisələrə səbəb olur. Bu problemlərin tədqiqi ilə bağlı olaraq N.S.Cəlilov son illər seyrək və çox isti anizotrop kosmik plazmanın MHD nəzəriyyəsini inkişaf etdirir.
N.S.Cəlilovun elmi konfransların çap olunmuş materiallarının böyük əksəriyyətini nəzərə almasaq,130 elmi məqaləsi çapdan çıxmışdır. Alınmış ən mühüm nəticələr (90 elmi iş) Rusiyanın, Avropanın və Amerikanın məşhur reytinqli elmi jurnallarında dərc olunmuşlar. Bu elmi jurnallardan Astronomy and Astrophysics (EDP Sciences, impact factor 5.084), Solar Physics (Springer, impact factor 3.805), Astrophysical journal (IOPscience, impact factor 6.063), Monthly Notices of the Royal Astronomical Society (Oxford journal, impact factor 5.226),Astronomy Letters (Springer, impact factor 0.988), Astronomy Reports (Springer, impact factor 0.799), Plasma Physics Reports (Springer, impact factor 0.747), Physics of Atomic Nuclei (Springer, impact factor 0.595), Physics of Plasmas (American İnstitut of Physics, impact factor 1.913) kimilərini göstərmək olar.Elmi məqalələrinə dünya ədəbiyyatında olan istinadların sayı 700-dən çox, H indeksi 14-dür (https://scholar.google.com/citations?hl=ru&user=lbLRnnEAAAAJ). Onun və həmmüəlliflərinin 1981-2019-ci illər ərzində aldıqları elmi nəticələr dünyanın müxtəlif ölkələrində keçirilmiş ən mötəbər Beynəlxalq elmi konfranslarda dəfələrlə müzakirə edilmiş və yüksək qiymətləndirilmişdir. N.Cəlilovun əldə etdiyi nəticələr iki dəfə - 2002-ci və2004-cü illərdə dünyada astrofizika üzrə alınmış ilin ən mühüm nəticələri sırasına salınmışdır (Publications of the Astronomical Society of the Pacific (PASP) // “Astrophysics in 2002”, 2003, v.115, p.514; “Astrophysics in 2004”, 2005, v.117, p.311). N.S.Cəlilovun aldığı elmi nəticələr Rusiya Elmlər Akademiyasının Fizika-riyaziyyat və Astronomiya elmi bölməsində iki dəfə mühüm nəticələr sırasına daxil edilmişdir.Onun məşhur astrofizik J.Ştaude (Almaniya) ilə birgə yazdıqları «Глобальные Колебания Солнца» adlı orijinal monoqrafiyası (2005-ci il) elmi ictimayətdə geniş rezonansasəbəb olmuşdur. İki dəfə N.S.Cəlilov Almaniyanın məşhur İnstitutlarına: Kiepenheuer – İnstitut für Sonnenphysics (Frayburq, 1999-cu il) və Max Plank İnstitute for Solar System Research (Münhen, 2002-ci il) bir mütəxəssis kimi icmal xarakterli mühazirələrə dəvət edilmişdir.
N.S.Cəlilov əyani aspiranturanı İZMİRAN-da (Moskva vilayəti) müvəffəqiyyətlə başa vurmuş və elə orada da namizədlik dissertasiyasını astrofizika ixtisası üzrə müdafiə etmişdir (1983-cü il). 1986-2004-cü illər ərzində o İZMİRAN-da aparıcı elmi işci vəzifəsinə qədər yüksəlmişdir. Rusiya Elmlər Akademiyasında işləyən dövrdə iki Beynəlxalq kosmik proyektin (KORONAS-I (1994) və KORONAS-F (2001)) elmi problemlərinin qoyulmasında və alınmış nəticələrin analizində aktiv iştirakçısı olmuşdur. N.S.Cəlilov 2004-cü ildə İZMİRAN-da (Moskva vilayəti) «Günəşin qlobal məxsusi rəqslərinin fiziki modelləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.Onun rəhbərliyi ilə bir aspirant (hazırda BDU-nun rektoru) namizədlik dissertasiyasını Moskvada müdafiə etmişdir və 4 dissertant hazırda dissertasiya işi üzərində işləyirlər.
Elmi fəaliyyəti ərzində N.S.Cəlilov bir sıra fundamental elm üzrə Beynəlxalq qrantların rəhbəri və iştirakçısı olmüşdur. Məsələn, İNTAS (1987); DFG (German Sciense Foundation 2004-2005); RFFİ (fundamental tədqiqatlar üçün Rusiya fondu2003-2006). Onun səyi nəticəsində Şamaxı Astrofizika Rəsədxanası Avropa Birliyinin FP7 proqramı üzrə keçirilmiş 5-illik (2012-2016) meqaqrant layihəsinin qalibi olmuşdur (http://www.solspanet.eu/).Günəş və Günəş-Yer əlaqələri fizikası sahəsində olan bu Layihənin digər iştirakçıları sırasına məşhur elmi mərkəzlər: Katholieke Universiteit Leuven (Belgium), University of St. Andrews (UK), Oesterreichische Akademie der Wissenschaften (Austria) daxil olmuşlar.
2004-cü ildən N.S.Cəlilov Azərbaycana qayıtmış, Şamaxı Rəsədxanasında şöbə müdiri işləmiş, 2007-ci ildə AMEA-ın müxbir üzvü seçilmiş, 2015-ci ildən AMEA Şamaxı Astrofizika Rəsədxanasına direktor təyin edilmişdir. Elmi və elmi-təşkilatifəallıqla yanaşı N.S.Cəlilov pedaqoji fəaliyyətlə də məşğul olur (BDU fizika fakultəsi, AMEA-ın magistraturası, dissertasiya işlərinə rəhbərlik). O, Beynəlxalq Avro-Asiya Astronomiya cəmiyyətinin üzvüdür.
N.S. Cəlilov AMEA Şamaxı Astrofizika Rəsədxanasında elmi və elmi-təşkilati sahədə islahatların aparılmasına həmişə böyük önəm verir. O, elmlə təhsilin əlaqələrinin möhkəmləndirilməsinə, rəsədxananın yerli və xarici elmi müəssisələri ilə bağlı fəaliyyətinin təmin olunmasına, təşkilinə və genişləndirilməsinə, elmi işçilərin xarici elmi mərkəzlərdə məqsədli təcrübə keçməsinə və sair vasitələrlə yüksək dərəcəli elmi kadrlar hazırlanmasına xüsusi fikir verir. Rəsədxana teleskoplarının modernləşdirilməsi, onları dünya teleskopları şəbəkəsinə daxil etməklə beynəlxalq proyektlərdə birbaşa iştirak etmək və beləliklə də, Azərbaycanda astrofizikanı dünya elminin ön sıralarına çıxarmaq Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilovun başlıca hədəfidir.
Namiq Cəlilovu 65 illik yubileyi münasibəti ilə bütün kollektivin adından təbrik edir, ona elmi-yaradıcılıq fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayırıq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.