Yanvar ayının 17-də 20 yanvar faciəsinin otuzuncu il dönümü ilə əlaqədar olaraq, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) anım tədbiri keçirilib.
Anım mərasimi 20 yanvar şəhidlərini bir dəqiqəlik sükutla yad etməklə başlanıb.
Şamaxı Astrofizika Rəsədxanasının direktoru, müxbir üzv Namiq Cəlilov tədbirdə çıxış edərək, 20 yanvar şəhidlərini Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin özülü adlandırıb. O, bildirib ki, tarixən mərd, zülmə boyun əyməyən Azərbaycan xalqı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qarşısına yalın əllə çıxaraq, öz müstəqilliyini öz qanı ilə qazanıb. Bu uğurda yüzdən çox insan həyatını itirib, 1600-ə yaxın insan yaralanıb və qanunsuz həbs edilib, yüzlərlə insan isə itkin düşüb. Amma bütün bunlara baxmayaraq, xalqın iradəsi və əzmi sarsılmayıb.
Namiq Cəlilov qeyd edib ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.
7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edib: "...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür."
Heydər Əliyev qatillərin aşkarlanması məsələsini yenidən qaldırıb, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğulayıb.
Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, kommunist partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: "Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov. IKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil." Beləliklə, 1991-ci ilin iyulunda Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
Bu qanlı faciəyə siyasi-hüquqi qiymət də məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra verilib. Belə ki, 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi başa çatdırılmamış qalmışdı. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülməmişdi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.
Tədbirdə həmçinin ŞAR-ın elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov, f.r.e.d, professor Nəriman İsmayılov çıxış edərək, faciə ilə bağlı xatirələrini bölüşüblər. Çıxışlarda 20 Yanvar faciəsinin xalqımızın öz suverenliyi uğrunda apardığı şərəfli mübarizə nümunəsi olduğu qeyd edilib.
Sonda faciə ilə bağlı sənədli film izlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.