Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.
Ölkə başçısının 58 yaşı tamam olur.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ.Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İ.Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.
1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2013-cu il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə dövlət başçısı seçilib.
Azərbaycanda bütün sahələrə olduğu kimi, elmin də inkişafına böyük diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsədxananı daim qiqqət mərkəzində saxlayır. Şamaxı Astrofizika Rəsədxanasına 3 dəfə səfər edən dövlət başçısı rəsədxananın fəaliyyəti və burada alimlərin iş və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində əsaslı işlər görmüşdür.
Dövlətimizin başçısının 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsində Prezidentin Ehtiyat Fondundan maliyyə vəsaiti ayrılmış, əsaslı yenidənqurma nəticəsində əraziyə Qırxbulaq mənbəyindən 6,5 kilometr uzunluğunda yeni su xətti, Çuxuryurd-Rəsədxana əsas qaz kəməri çəkilmiş, yerüstü elektrik xətti tam yenilənmişdir. Rəsədxananın inzibati binasında əməkdaşların elmi fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.