Dekabrın 19-da, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Seminara rəhbərlik edən a.ü.f.d Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında məlumat verib.
Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin elmi işçisi Günay Hacıyeva "Qırmızı və mavi ifratnəhənglər, Post-AGB ulduzları” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda ifratnəhəng ulduzlar və onların bəzi spektral xüsusiyyətləri barədə məlumat verib. O qeyd edib ki, ifratnəhənglər üçün maddənin intensiv itgisi (ulduz küləyi) xarakterikdir. Belə ki, dayanıqsız pulsasiya edən şüalanmanın təzyiqi altında, ulduz taclarındakı zərbə dalğaları nəticəsində ulduz küləyi yaranır. Güclü maddə itgisi və ulduzun soyuması isə nəhəng qaz-tozdan ibarət ulduzətrafı örtüyün yaranmasına gətirib çıxarır. Belə qaz-toz dumanlığı ulduzun optik şüalanmasını bəzən tamamilə udur. Belə obyektlər spektrin infraqırmızı diapozonunda şüalanır.
Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.