Noyabr ayının 5-də, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Seminara rəhbərlik edən a.ü.f.d Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında məlumat verib.
Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin kiçik elmi işçisi Aynurə Məsimova “Vikipedianın Azərbaycan bölməsinin Astronomiya baxımından zənginləşdirilməsinin qarşısında duran məsələlər” mövzusunda məruzə ilə çıxış edib.
Seminarda Vikipediya virtual ensiklopediyası, viki texnologiyalar, vikipediyanın prinsipləri, vikipediyada mövcud olan məqalələrin ümumi statistikası və ŞAR-ın Viki-qrupunun fəaliyyəti haqqında ümumi məlumat verilib. Astronomiya ilə bağlı məqalələrin Vikipediyaya yerləşdirilməsinin və Vikipediyanın Azərbaycan bölməsinin zənginləşdirilməsinin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.