Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmamışdır.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuş, 27 noyabr/16.15 UTC-də 1,750 pfu-ya bərabər maksimal qiymət almışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.
Hesabat dövründə Günəş küləyi parametrlərinin ədədi qiymətləri normal şəraitin hökm sürdüyünü deməyə əsas verir. Ümumi maqnit sahəsi 2-6 nT intervalında dəyişmiş, Bz komponenti üçün isə -4 nT qədər cənuba doğru kənaraçıxma müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 400 km/san-dək olmuşdur. Phi bucağı əsasən müsbət sektorda, qısa fasilələrlə isə mənfi sektorda qərarlaşmışdır.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=1, 2).
Kosmik hava proqnozu – Proqnoz dövründə (28 - 30 noyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (28 - 30 noyabr) nisbətən yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (28 - 30 noyabr) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (28 - 30 noyabr) Günəş küləyi parametrlərinin normal rejimə uyğun qalacağı proqnozlaşdırılır.
Proqnoz dövründə (28 - 30 noyabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=1, 2) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.