Oktyabr ayının 6-da Bakı Dövlət Universitetinin Fizika fakültəsinin «Astrofizika» kafedrasının müdiri vəzifəsini icra edən f.-r.e.n, dosent Kəmalə Alışeva və kafedranın müəllimi f.-r.e.n Zəminə Əliyevanın rəhbərliyi ilə həmin fakültənin II kurs tələbələri “Ümumdünya Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında səfərdə olublar.
Rəsədxananın "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin müdiri, f.-r.f.d, dosent Bayram Rüstəmov konfrans zalında tələbələrə rəsədxananın strukturu və burada aparılan elmi tədqiqat işləri ilə bağlı geniş məlumat verib.
Sonra "Planetlər və kiçik səma cismləri" şöbəsinin müdiri, f.-r.f.d Ədalət Ətayi "Astronomiyanın tarixi" mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra rəsədxananın 2 m-lik teleskopuna aparılan tələbələrə burada ŞAR-ın elmi işlər üzrə direktor müavini, f.f.d. Xıdır Mikayılov tərəfindən ŞAR-ın 2 metrlik teleskopu və istifadə olunan astronomik cihazlar barədə ətraflı məlumat verilib.
Böyük marağa səbəb olan rəsədxana ekskursiyası boyunca mövzular üzrə tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda f.-r.e.n, dosent Kəmalə Alışeva rəsədxanada onlar üçün yaradılan şəraitə görə ŞAR rəhbərliyinə dərin minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.