AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin müdiri, f-r.ü.f.d Bayram Rüstəmovun anadan olmasının 65-ci ili tamam olur.
Bayram Nizam oğlu Rüstəmov 29 aprel 1954-cü ildə Azərbaycan Respublikası, Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuş, 1971-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuşdur. 1971- 1976-cı illərdə fizika fakültəsində astrofizika ixtisası üzrə ali təhsil almışdır. 1976-cı ildə təyinatla AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) elmi fəaliyyətə başlamış və həmin vaxtdan ŞAR-da elmi tədqiqatla məşğuldur.
1977-ci ildə Krım astrofizika rəsədxanasında praktik astrofizika ixtisası üzrə bir illik ixtisaslaşma kursu keçmişdir.
2003-cü ildə “T Buğa tipli ulduzlar və FUOR-ların spektral tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 6 aprel 2004-cü il tarixli qərarı ilə ona fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
2004-cü ilin aprel ayında o, ŞAR-ın “Səma cisimlərinin spektroskopiyası” şöbəsində böyük elmi işçi, həmin ilin oktyabr ayından isə ŞAR-ın “Səma cisimlərinin fotometriyası və polyarimetriyası” şöbəsinin müdiri vəzifəsinə seçilmişdir. 2004-cü ildən etibarən ŞAR Elmi Şurasının üzvüdür.
2011-2012-ci illərdə BDU–da Fizika fakultəsində magistrlərə astrofizikanın müxtəlif bölmələri üzrə mühazirələr aparmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011-ci ilin 1-ci qrant müsabiqəsinin (EİF-2011-1(3)) qalibi olmuş “Ulduz təkamülünün ilkin mərhələsində olan orta və kiçik kütləli cavan ulduzların (T Tau, Ae/Be Herbiq, UXOR) və aktiv nüvəli qalaktikaların fotometrik və polyarimetrik tədqiqi” layihəsi üzrə rəhbər olub.
2013-cü ildən AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında yaradılmış FD 01.241 Fəlsəfə Doktoru Dissertasiya Şurasının üzvü təyin olunub.
Bayram Rüstəmova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 19 noyabr 2014-cü il tarixli qərarı ilə astrofizika və ulduz astronomiyası ixtisası üzrə dosent elmi adı verilmişdir.
2018-ci ildən hal-hazırkı vaxtadək Bayram Rüstəmov ŞAR-ın “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin müdiri vəzifəsində işləyir. Bayram Rüstəmov AMEA ŞAR-ın tədqiqat planına daxil olan “Qoşa ulduzlar və ulduzətrafı mühitlə qarşılıqlı təsirin fiziki xüsusiyyətləri” mövzusunun rəhbəridir.
B.N.Rüstəmovun elmi maraq dairəsinə ulduz təkamülünün ilkin mərhələsində olan, orta və kiçik kütləli cavan ulduzların spektral və fotometrik tədqiqi daxildir. AMEA ŞAR-ın 2-m teleskopunda aparılmış uzunmüddətli və bircins spektral müşahidə materiallarının analizindən bir sıra orijinal elmi nəticələr almışdır.
B.N.Rüstəmov son illərdə, AMEA ŞAR-da aparılan fotometrik tədqiatların effektivliyini yüksəltmək, bu tədqiqatları müasir müşahidə astronomiyasının tələblərinə uyğunlaşdırmaq məqsədilə fotometrik müşahidələrdə yeni işıqqəbuledicilərinin - CCD matrislərin tətbiqi və alınmış rəqəmsal təsvirlərin işlənməsi metodikasının təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir.
B.N.Rüstəmov cavan ulduzların spektral və fotometrik tədqiqi və müasir işıqqəbuledicilərinin astronomik müşahidələrdə tətbiqi sahəsində aparıcı mütəxəssisdir.
2018-ci ildə bir nəfər Bayram Rüstəmovun elmi rəhbərliyi ilə “UX Ori tipli WW vul ulduzunun spektral və fotometrik xüsusiyyətləri” mövzusunda astronomiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir.
Bayram Rüstəmovun astrofizika sahəsində ixtisaslaşmış xarici və yerli elmi jurnallarda 45 elmi məqaləsi çap olunmuşdur.
Əməkdaşımızı 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi fəaliyyətində yeni nailiyyətlər, tükənməz yaradıcılıq enerjisi arzulayırıq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.