Kosmik hava durumu - Günəşdə aktivlik çox aşağı səviyyədə olub. 2715 (N07W61, Hrx/alpha) aktivlik oblastı yenə də parçalanmaya məruz qalmış və qeyri-aktiv olaraq qalıb. Mövcud koronoqraf təsvirlərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections–Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.
2 MeV-dən çox enerjili elektron seli, 26 iyun /21.10 UTC-də özünün 2,672 pfu-ya bərabər maksimal qiymətinə çatmış və normal və yüksək səviyyələrdə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli isə bütün period ərzində fon səviyyəsində qalıb.
Günəş küləyi parametrləri, CIR-in (Co-rotating Interaction Region - Birgə-dönən Qarşılıqlı-təsir Oblastı) Yerə çatdığından və CH HSS (Coronal Hole High Speed Streams-Tac Dəliyindən Yüksək Sürətli Axınlar) effektinin başlanmasından xəbər verir. IMF (Interplanetary Magnetic Field – Planetlərarası Maqnit Sahəsi) hesabat dövrünün əvvəlində, daha dəqiq isə 26 iyun/09.52 UTC-də kəskin artmış və 14 nT qiymətinə çatmışdır. Maqnit sahəsinin Bz komponenti dəyişkən olsa da bir sıra vaxtlarda aydın və davamlı şəkildə cənuba istiqamətlənmiş olub. CH HSS efektinin Yerə təsiri səbəbindən Günəş küləyinin sürəti 400 km/san-dən təxminən 600 km/san-yə qədər qalxıb. Phi bucağı mənfi oblasta doğru yönəlib.
Son 24 saat ərzində geomaqnit sahə əvvəlcə G1 (Minor) qasırğa səviyyəsində aktiv olub. Buna səbəb isə əsasən IMF-in qiymətinin artması və Bz komponentinin davamlı və aydın şəkildə cənuba döğru yönəlməsi səbəbindən Günəş küləyinin sürətlənməsi olub. Sonradan isə geomaqnit sahənin aktivliyində CIR-in Yerə gəlməsi və CH HSS effektinin başlanması bir o qədər də kəskin hiss olunmamışdır və G1 Minor qasırğa səviyyəsindən azalib.
Kosmik hava proqnozu - Günəş aktivliyinin növbəti üç gün ərzində (22-24 iyun) çox aşağı səviyyədə davam etməsi gözlənilir. Buna baxmayaraq ilk proqnoz günü (27 iyun) C-sinfindən olan alışma ehtimalı istisna edilmir. 2715 aktivlik oblasının isə proqnoz dövrünün ikinci və üçüncü günü (28-29 iyun) limbin tam kənarına dönəcəyi gözlənilir.
CH HSS effektinin təsiri hesabına 2 MeV-dən çox enerjili electron selinin proqnoz dövründə (27-29 iyun) yüksək olacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (27-29 iyun) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövrünün hər üç günü (27-29 iyun) CH HSS effektinin təsirindən sürətli Günəş küləyi rejiminin hakim olacağından xəbər verir.
Baxmayaraq ki, son 24 saatın sonlarında geomaqnit sahənin aktivliyi G1 Minor qasırğa səviyyəsində qalmadan zəifləmişdir, proqnoz dövrünün birinci günü (27 iyun) yenidən həmin səviyyəyə yüksələcəyi istisna edilmir. Buna əsas olaraq CH HSS effektinin hələ də davam etməsini göstərmək kifayətdir. Digər tərəfdən bu şərait ikinci proqnoz günü də (28 iyun) davam edə bilər və müəyyən vaxtlarda G1 Minor qasırğa aktivliyi gözlənilir. 29 iyunda da CH HSS effektinin öz təsirini saxlama ehtimalı olduğundan geomaqnit sahədə aktivlik gözlənilir, lakin nisbətən sakitləşmə müşahidə edilə bilər.
DİQQƏT!
Qeyd edək ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlanmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcanlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlanmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.