
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Həmkarlar İttifaqı Təşkilatının (HİT) təşəbbüsü ilə ənənəvi olaraq Zəfər günü münasibətilə Şamaxı rayonunda yerləşən şəhid ailələrinə baş çəkilərək onlara yardım göstərilib.
Təşəbbüsün məqsədi, Qarabağın işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələrinə maddi və mənəvi dəstək olmaqdır.
ŞAR HİT nümayəndələri tərəfindən ziyarət edilən şəhid ailələrinə ərzaq yardımı təqdim edilib. Yardım paketləri ilə yanaşı, şəhidlərin ailə üzvləri ilə söhbət edilərək, müzəffər odumuzun qəhrəmanlıqla döyüşərək, torpaqlarımızı düşmən tapdağından azad etdiyi bir daha xatırladılıb. Qeyd edilib ki, şəhidlərimizin fədakarlığı sayəsində torpaqlarımız azad edilərək həqiqi sahiblərinə qaytarılıb və milli məfkurəmizin sarsılmazlığı bütün dünyaya nümayiş etdirilib.
Qeyd edək ki, bu qəbildən olan tədbirlər, şəhidlərimizin ailələrinə olan ehtiram və dəstəyimizin ifadəsidir. Şanlı Zəfərimizin memarı olan şəhidlərimizin xatirəsi qəlbimizdə daim yaşayacaqdır!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.