
Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin əməkdaşları 3-5 noyabr 2026-cı il tarixdə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində keçirilən “Müasir Ulduz Astronomiyası – 2026” adlı Beynəlxalq konfransda iştirak ediblər.
“Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri, f-r.e.n., dosent Nazim Hüseynov “Aktiv qalaktikaların nüvələrinin həllini gözləyən problemləri” mövzusunda plenar məruzə ilə çıxış edib. Məruzədə aktiv qalaktikaların nüvələrinin (AGN) müasir astrofizikanın ən aktual və mürəkkəb tədqiqat obyektlərindən biri olduğu vurğulanıb. Bu obyektlərdə müşahidə olunan yüksək enerji ayrılması, dəyişkən şüalanma, relativistik jetlərin yaranması və qalaktika mərkəzlərində yerləşən superkütləli qara dəliklərin fəaliyyəti ilə bağlı məsələlər diqqətə çatdırılıb. Xüsusilə, akkresiya disklərində baş verən fiziki proseslər, maddənin superkütləli qara dəliklərə düşməsi, yüksək enerjili şüalanmanın yaranması və aktiv nüvələrin zaman üzrə dəyişkənlik xüsusiyyətləri kimi məsələlərin tədqiqinin əhəmiyyəti qeyd olunub. Aktiv nüvəli qalaktikaların müşahidə olunan müxtəlif xüsusiyyətlərinin vahid fiziki model çərçivəsində izah edilməsinin müasir astrofizikanın qarşısında duran əsas vəzifələrdən biri olduğu diqqətə çatdırılıb.
Həmçinin konfransın “Qalaktikalar və ulduz topaları” şöbənin kiçik elmi işçisi Samirə Baxşiyeva onlayn formatda “B, V, Rc və Ic filtrlərində I-ci tip Seyfert qalaktikası NGC 4151 nüvəsinin 2016–2025-ci illər üzrə uzunmüddətli fotometrik monitorinqi” mövzusunda məruzə ilə çıxış edib.O, tədqiqat zamanı NGC 4151 qalaktikasının müxtəlif spektral diapazonlarda parlaqlıq dəyişmələrinin xüsusiyyətləri, işıq əyrilərinin zaman üzrə davranışı və filtrlər arasındakı dəyişkənlik əlaqələri nəzərdən keçirib. Alınmış nəticələr qalaktikanın optik şüalanmasının uzunmüddətli dəyişkənliyinin xarakterizə edilməsinə, həmçinin aktiv qalaktika nüvəsində baş verən fiziki proseslərin öyrənilməsinə imkan verir.
Məruzələrin sonunda iştirakçıların təqdim olunan tədqiqat mövzularına dair sualları cavablandırılıb və elmi müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.