
Oktyabrın 21-dən 22-nə keçən gecə Orionid meteor selinin maksimum aktivliyi gözlənilir. Eta-Akvaridlər kimi, Orionidlər də 1P/Halley kometi ilə əlaqəli meteor selidir.
Hər il oktyabrın 2-dən noyabrın 7-dək aktiv olan Orionid meteor selinin pik dövründə əlverişli müşahidə şəraitində saatda təxminən 10–20 meteor görmək mümkündür. Meteor selinin radiantı, yəni meteorların səmada yayıldığı nöqtə, Orion bürcü yaxınlığında yerləşir. Azərbaycanda radiant təxminən saat 22:00-da üfüqdən yüksələcək və səhərə qədər müşahidə oluna biləcək. Bu il müşahidələrə Ay işığı müəyyən qədər mane olacaq. Oktyabrın 22-də Ay diskinin təxminən 86%-i işıqlanacağından zəif meteorların görünməsi çətinləşəcək və əsasən daha parlaq meteorları müşahidə etmək mümkün olacaq. Buna görə də meteor selini Ayın Bakı vaxtı ilə saat 02:35-də batmasından sonra izləmək daha məqsədəuyğundur.
Müşahidə üçün şəhər işıqlarından uzaq, işıq çirklənməsinin minimum olduğu və səmanın geniş hissəsinin açıq göründüyü məkan seçilməlidir. Meteorları izləmək üçün teleskop və ya digər optik cihaz tələb olunmur. Fəsillə əlaqədar olaraq havanın buludlu olması ehtimalı çoxdur. Bu səbəbdən meteor selinin müşahidəsi buludluluqdan asılı olacaq.
Orionidlər və Eta-Akvaridlər meteor selləri Halley kometinin Günəş ətrafında hərəkəti zamanı orbit boyunca buraxdığı toz və xırda qalıqlardan yaranır. Yer kürəsi hər il bu hissəciklərin toplandığı sahələrdən keçdikdə onlar atmosferə daxil olaraq meteor sellərinə səbəb olur. Halley kometi Günəş ətrafında təxminən 76 ilə dolanır və nüvəsinin təxminən 15 km-dir. Sonuncu dəfə 1986-cı ildə Günəşə yaxınlaşan kometin növbəti qayıdışı 2061-ci ildə gözlənilir. Halley ölçüsündə kometlər Günəş ətrafında hər dövrə zamanı təxminən 1–3 metr qısalır və zaman keçdikdə buz qatının azalması kometlərin aktivliyinin zəifləməsinə səbəb olur. Nəticədə komet quyruğunu itirərək qaranlıq cismə çevrilir ya da nüvəsi tədricən parçalanaraq tamamilə dağılır.
Hesablamalara görə, qısaperiodlu kometlərin aktiv ömrü orta hesabla Günəş ətrafında təxminən 1000 dövrə qədər davam edə bilər. Halley kometi isə ən azı 16 min ildir hazırkı orbitində hərəkət edir. Buna baxmayaraq, onun indiyədək qeydə alınmış müşahidələrində kometdə qocalma əlamətləri aşkarlanmayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.