
Beynəlxalq tədqiqat qrupu Yerdən 270 işıq ili uzaqda HS 0209+0832 ağ cırtdan ulduzun ətrafında, onun təkamülünün son mərhələsində atdığı qalıqlarından formalaşmış ikinci nəsil planet tapıblar.
Nebulyar hipotezə əsasən planet sistemləri ulduz ilə birlikdə və eyni anda molekulyar qaz-toz buludundan formalaşır. Ulduz ömrünün sonuna çatdıqda isə ya planetləri şişən ulduzun qravitasiyası parşmçalayır, ya sistem sistem dağılır və planetlər təkbaşına boşluqda gəzirlər. Ən yaxşı halda isə öz orbitlərindən bir az geriyə sürüşərək ulduzun qalığı ətrafında dolanmağa davam edirlər. Başlanğıc kütləsi təxminən 8 Günəş kütləsindən kiçik olan ulduzların əksəriyyəti ömürlərinin sonunda xarici təbəqələrini itirərək ağ cırtdana çevrilir. Atılan maddə müəyyən müddət planetar dumanlıq şəklində müşahidə oluna bilər. Daha massiv ulduzlar isə nüvə çöküşü nəticəsində neytron ulduzu və ya qara dəlik əmələ gətirə bilirlər.
Maraqlıdır ki, ilk təsdiqlənmiş ekzoplanetlər adi ulduzun deyil, məhz neytron ulduzunun — pulsarın ətrafında kəşf olunmuşdu. Pulsarların ətrafında ulduzun təkamülündən sonra qalan maddədən ikinci nəsil planetlərin yaranması ehtimalı əvvəllər də irəli sürülüb, lakin ağ cırtdanların ətrafında belə planetlərin formalaşması daha mürəkkəb proses hesab olunur. Çünki ulduzun atdığı maddənin böyük hissəsi ətrafa yayılır və yeni planetlərin yaranması üçün kifayət qədər sıx qaz-toz diskinin formalaşması çətinləşir. Bununla belə, yeni müşahidələr belə bir ssenarinin mümkün ola biləcəyini göstərir.
Məlumdur ki, bəzi ağ cırtdanlar ətraflarındakı planet və digər kiçik göy cisimlərinin parçalanmış qalıqlarından maddə akkresiya edirlər. Bu proses onların atmosferində Si, Fe və digər ağır elementlərin spektral xətlərinin yaranması ilə müşahidə olunur.
HS 0209+0832 ağ cırtdanı isə olduqca qeyri-adi kimyəvi tərkibi ilə fərqlənir. Onun spektrində çoxsaylı ağır elementlərin xətləri aşkar edilib. Xüsusilə diqqətçəkən məqam ulduzda Ca, S, Ti, Ni, Cu, Zn və Nb kimi elementlərin bolluğudur. Nb/Ca nisbəti Günəşdən ən azı 1000 dəfə çoxur. Ümumiyyətlə ağ cırtdanlarda ağır elementlərin çoxluğu planetlər ulduz tərəfindən mənimsəni ldiyinə görə bilin haldır, lakin Nb III və Nb IV ionlarının spektral xətləri ağ cırtdanın atmosferində ilk dəfə müəyyən edilib.
Bu qeyri-adi kimyəvi tərkib ağ cırtdanın adi qayalı planet qalıqlarından deyil, ikinci nəsil nəhəng planetin atmosferindən ayrılan maddə ilə qidalanması ehtimalını gücləndirir. Belə planet ulduzun qırmızı nəhəng mərhələləsində ətrafa atdığı, ağır elementlərlə zəngin maddədən formalaşa bilər. Xüsusilə Nb kimi elementlərin yüksək miqdarı bu ssenarinin mühüm göstəricisidir.
Lakin ömrünü başa vurmaqda olan ulduzun atdığı maddədən ikinci nəsil protoplanet diskinin yaranması asan deyil. Tədqiqatçılar hesab edirlər ki, bu prosesdə ulduzun yaxınlığında yerləşən ikinci peyk ulduzun rolu var. Belə ki, qoşa sistemdə qarşılıqlı qravitasiya təsirləri atılan maddənin bir hissəsinin sistemdə qalmasına və ulduzun ətrafında disk əmələ gətirməsinə şərait yarada bilər. TESS kosmik teleskopunun fotometrik müşahidələrində HS 0209+0832 ulduzunun parlaqlığında 4,4 günlük periodik dəyişkənlik aşkar edilib. Bu dəyişkənlik ağ cırtdanın ətrafında təxminən 6 milyon km məsafədə dolanan, ulduzun güclü şüalanması nəticəsində atmosferini itirən Yupiter tipli qaz nəhəngi ilə izah oluna bilər. Planetin atmosferindən ayrılan maddə sonradan ağ cırtdanın səthinə akkresiya edərək onun qeyri-adi kimyəvi tərkibini formalaşdırır.Hələlik planetin mövcudluğu birbaşa təsdiqlənməyib. Lakin əlavə müşahidələr bu ehtimalı doğruldarsa, HS 0209+0832 sistemi bu tip planetin ilk təsdiqlənmiş nümunəsi olacaq. Bu nəticə planet sistemlərinin yalnız ulduzların yaranması zamanı deyil, onların təkamülünün son mərhələlərindən sonra da formalaşa biləcəyini göstərməsi baxımından böyük əhəmiyyət daşıyır.
Tədqiqatın nəticələri “Nature Astronomy” jurnalında dərc olunmuş “Discovery of a second-generation planet candidate accreting onto a white dwarf” adlı məqalədə təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.