
8–9 sentyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda II Respublika Konfransı keçirilib.
Konfransın əsas məqsədi Azərbaycanda astronomiya və astrofizika sahəsində aparılan elmi tədqiqatların nəticələrinin təqdim edilməsi və müzakirəsi, eləcə də Şamaxı Astrofizika Rəsədxanasında uzun illər səmərəli elmi fəaliyyət göstərmiş görkəmli alimlərin elmi irsinin gənc nəslə tanıdılması olub.
İki gün davam edən konfransın açılış mərasimində ŞAR-ın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Alim çıxışında astronomiya və astrofizika sahəsində aparılan tədqiqatların nəticələrinin müzakirəsi və müxtəlif elmi istiqamətlər üzrə çalışan tədqiqatçılar arasında fikir mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, belə tədbirlərin elmi əməkdaşlığın genişləndirilməsi, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və aktual problemlərin birgə müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Baş direktor konfransda gənc tədqiqatçıların və doktorantların fəal iştirakının təqdirəlayiq olduğunu bildirərək, onların elmi potensialının inkişaf etdirilməsinin və müasir astronomiya elminin nailiyyətləri ilə tanışlığının vacibliyini diqqətə çatdırıb. Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının Azərbaycanda astronomiya və astrofizika elminin inkişafında ənənəvi rolunu qeyd edərək, rəsədxananın elmi məktəbinin davam etdirilməsi və yeni nəsil tədqiqatçıların yetişdirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu bildirib.
Açılış mərasimində Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova, Xəzər Universitetinin "Təbiət elmləri və mühəndislik" fakültəsinin dekanı Fəxrəndə Əlimərdanova, Bakı Mühəndislik Universitetinin "Fizika" kafedrasının professoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov, həmçinin ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov çıxış edərək tədbirin respublikanın müxtəlif elm və təhsil müəssisələrini təmsil edən tədqiqatçıları bir araya gətirməsi yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu cür elmi toplantılar tədqiqatçıların öz araşdırmalarını təqdim etməsi ilə yanaşı, müxtəlif nəsil alimlər arasında təcrübə mübadiləsinin aparılması və elmi əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli imkan yaradır. Natiqlər konfrans iştirakçılarına uğurlar arzulayaraq, iki gün ərzində keçiriləcək elmi müzakirələrin məhsuldar olacağına əminliklərini ifadə ediblər.
Daha sonra konfransın plenar sessiyalarında astronomiya, astrofizika, kosmik tədqiqatlar və əlaqəli elmi istiqamətlər üzrə məruzələr təqdim olunub. Məruzələrdə Günəş və Günəş-Yer əlaqələri, ulduz astrofizikası, dəyişən ulduzlar, qalaktikalar, kosmik və yerüstü rəsədxanalar, peyk təsvirlərinin emalı, neytrino fizikası, planetlər və digər aktual elmi məsələlərə dair tədqiqatların nəticələri diqqətə çatdırılıb.
Konfrans çərçivəsində müxtəlif elmi istiqamətlər üzrə sessiyalar da təşkil olunub. Sessiyalarda nəzəri astrofizika, ulduz astrofizikası və dəyişən ulduzlar, Günəş və Günəş-Yer əlaqələri fizikası, Günəş sistemi cisimləri və nəhəng planetlər, qalaktikadankənar obyektlər, astronomik müşahidələr və metodlar, kosmik rəsədxanalar, eləcə də Azərbaycanda astronomiya elmi irsi və biliklərin ötürülməsi məsələləri müzakirə edilib.
Elmi sessiyalar zamanı həmçinin süni intellekt texnologiyalarının astronomiyada tətbiqi, ulduzların avtomatik təsnifatı, ulduz atmosferlərinin modelləşdirilməsi, Günəş fəallığı, kometlər, ionosfer prosesləri və digər aktual mövzular üzrə məruzələr dinlənilib. Konfransda onlayn formatda təqdim olunan məruzələrə də yer verilib.
Konfransın proqramında Azərbaycanda astronomiya elminin inkişafında mühüm xidmətləri olmuş alimlərin elmi irsinə həsr olunan məruzələr də yer alıb. Bu çərçivədə ŞAR-da uzun illər fəaliyyət göstərmiş görkəmli alimlərin elmi fəaliyyətinə nəzər salınıb, onların elmi irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb. Həmçinin ŞAR-ın astronomiya elminin inkişafındakı roluna və burada formalaşmış elmi məktəbin davamlılığına dair fikirlər səsləndirilib.
Konfransın sonunda təşkilati məsələlər və tədbirin yekun nəticələri müzakirə olunub. ŞAR-ın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov konfransın bağlanış nitqində iştirakçılara təşəkkür edib, elmi müzakirələrin və fikir mübadiləsinin astronomiya və astrofizika sahəsində əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.
Qeyd edək ki, konfransa təqdim olunan elmi-tədqiqat işlərinin xülasələri ilə tanış olmaq üçün elektron keçiddən istifadə edə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.