
15-16 oktyabr 2026-cı il tarixlərində Naxçıvan şəhərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO 29) keçiriləcək.
Ənənəvi formatda təşkil olunacaq konfransın əsas məqsədi doktorantlar və gənc tədqiqatçılar üçün elmi tədqiqatların nəticələrinin təqdim edilməsi, müxtəlif elm sahələri üzrə aktual problemlərin müzakirəsi, elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və innovativ ideyaların təşviqi üçün platforma yaratmaqdır.
Elmin bütün istiqamətlərini əhatə edən konfrans çərçivəsində iştirakçılar elmi müzakirələr aparmaq, təcrübə və bilik mübadiləsi həyata keçirmək, multidissiplinar əməkdaşlıq imkanlarını dəyərləndirmək imkanı əldə edəcəklər.
Konfransa təqdim olunacaq məqalə və tezislər elmi ekspertiza və rəy prosesindən keçiriləcək, etik prinsiplərə və akademik dürüstlük tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra qəbul edilən materiallar konfransın rəsmi məcmuəsində nəşr olunacaq.
Tədbir iştirakçılarına sertifikat təqdim ediləcək, həmçinin onlar aparıcı alimlərlə fikir mübadiləsi aparmaq, elmi əlaqələrini genişləndirmək və gələcək birgə layihələr üçün yeni əməkdaşlıq imkanları qazanmaq şansı əldə edəcəklər.
Qeyd edək ki, doktorantlar və gənc tədqiqatçılar üçün nəzərdə tutulan NASCO 29 konfransında iştirak ödənişsizdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.