
İyul ayının 1-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
Seminarı ŞAR-ın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq iştirakçıları salamlayıb, onlara məruzənin mövzusu barədə məlumat verib.
Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Nəzəri astrofizika və kosmologiya“ şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Qasımova “Termal günəş neytrinolarının detektə olunması və Günəşin metal tərkibi” mövzusunda məruzə ilə çıxış edib.
Seminarda təqdim olunan məruzədə Günəş mənşəli termal neytrinoların kifayət qədər güclü daxili elektrostatik sahəyə malik monokristaldan keçən ultra-relativistik elektronlardan elastik səpilməsi prosesi nəzəri baxımdan təhlil olunub. Məruzə zamanı prosesin differensial ehtimalı, səpilən termal Günəş neytrinolarının spektral paylanması və selinin hesablanmasına dair əldə edilmiş düsturlar təqdim edilib. Aparılan tədqiqatlar nəticəsində göstərilib ki, baxılan reaksiya vasitəsilə müəyyən enerji diapazonuna malik termal Günəş neytrinolarının eksperimental şəkildə detektə edilməsi mümkündür.
Bildirilib ki, termal Günəş neytrinolarının detektə oluna bilməsi üçün monokristaldan keçən sürətləndirilmiş elektronların enerjisi və bu proses zamanı generasiya olunan maqnit sahəsinin induksiyası müəyyən diapazonlarda dəyişə bilər. Məruzədə həmin parametrlər arasındakı qarşılıqlı əlaqə təhlil olunaraq alınmış nəticələrin nəzəri və eksperimental əhəmiyyəti şərh edilib.
Sonda tədqiqat çərçivəsində əldə olunan nəticələr ümumiləşdirilib, onların perspektiv tətbiq imkanları müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.