
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadənin müəllifi olduğu "Ae/Be Herbiq tipli ulduzlarının atmosferlərində fiziki proseslər" adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib.
Tədbirdə rəsədxananın rəhbərliyi, alim və mütəxəssislər, müxtəlif elm və təhsil müəssisələrinin nümayəndələri, jurnalistlər, müəllifin həmkarları və yaxınları iştirak ediblər.
Tədbirin aparıcısı Kənan Tağızadə monoqrafiyanın gənc və ilkin təkamül mərhələsində olan Ae/Be Herbiq tipli ulduzların fiziki xüsusiyyətlərinin, onların atmosferlərində baş verən mürəkkəb proseslərin və ulduz–disk qarşılıqlı təsirinin öyrənilməsinə həsr olunduğunu qeyd edib, əsərin Azərbaycan astronomiya elminə, o cümlədən gələcək tədqiqatlara mühüm töhfə verəcəyinə əminliyini vurğulayıb və açılış nitqi üçün sözü Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilova verib.
Namiq Cəlilov əsərin elmi əhəmiyyətindən bəhs edərək bildirib ki, monoqrafiya uzun illər aparılan məqsədyönlü elmi araşdırmaların, müşahidələrin və sistemli tədqiqatların uğurlu nəticəsidir. O qeyd edib ki, Herbiq tipli Ae/Be ulduzlarının tədqiqi müasir astrofizikanın aktual istiqamətlərindən biridir və təqdim olunan nəşr bu sahədə çalışan mütəxəssislər üçün dəyərli elmi mənbə olmaqla yanaşı, gələcək tədqiqatlar üçün də mühüm istinad əsərlərindən biri olacaq.
Natiq öz çıxışında Həmayil Adıgözəlzadənin rəsədxananın elmi həyatındakı çoxşaxəli fəaliyyətini də xüsusi vurğulayıb. O bildirib ki, müəllif təkcə elmi tədqiqatları ilə deyil, həm də ŞAR-ın "Azərbaycan Astronomiya Jurnalı"nın məsul katibi kimi səmərəli fəaliyyəti ilə seçilir. Qeyd olunub ki, jurnalın beynəlxalq elmi standartlara uyğun inkişaf etdirilməsi və nüfuzunun artırılması istiqamətində görülən işlərdə, eləcə də onun Scopus elmmetrik bazasında indekslənməsində Həmayil Adıgözəlzadənin əməyi xüsusi təqdirəlayiqdir.
Daha sonra monoqrafiyanın elmi redaktoru, ŞAR-ın icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılov çıxış edərək əsərin hazırlanma prosesi, elmi məzmunu və aktuallığı barədə fikirlərini bölüşüb. O qeyd edib ki, monoqrafiyada Herbiq tipli Ae/Be ulduzlarının atmosferlərində baş verən fiziki proseslər geniş müşahidə materialları və müasir elmi yanaşmalar əsasında təhlil olunub. Professor Nəriman İsmayılov əsərin həm nəzəri, həm də praktik baxımdan əhəmiyyətini vurğulayaraq, onun astronomiya sahəsində çalışan mütəxəssislər, doktorantlar, magistrantlar və gənc tədqiqatçılar üçün faydalı elmi vəsait olacağını bildirib.
Monoqrafiyanın rəyçiləri – AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Qasımov və astronomiya elmləri doktoru, dosent Zahir Səmədov əsər barədə fikirlərini bölüşərək onun elmi baxımdan yüksək səviyyədə hazırlandığını, aktual problemlərə həsr olunduğunu və bu istiqamətdə çalışan tədqiqatçılar üçün dəyərli mənbə olduğunu qeyd ediblər.
Tədbirdə, həmçinin biologiya elmləri doktoru Kərim Qasımov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bayram Rüstəmov, fizika üzrə fəlsəfə doktoru, dosent, Xuraman Əhmədova, elmi işçisi Aytac İsgəndərova, peşəkar jurnalist və publisist Lalə Əliyeva çıxış edərək monoqrafiyanın elmi məzmununu, onun nəzəri və praktik əhəmiyyətini yüksək qiymətləndirib, müəllifin elmi fəaliyyətindən bəhs edib, nəşrin astronomiya sahəsində çalışan tədqiqatçılar və gənc alimlər üçün dəyərli elmi mənbə olduğunu vurğulayıblar.
Tədbirdə çıxış edən tanınmış jurnalist, yazar və publisist, texniki elmlər namizədi, Azərbaycanın sabiq İstanbuldakı Baş konsulu, Fövqəladə və Səlahiyyətli Elçi İbrahim Nəbioğlu isə Həmayil Adıgözəlzadənin çoxşaxəli fəaliyyətindən bəhs edib. O, müəllifin yalnız elmi araşdırmaları ilə deyil, həm də elmə, maarifçiliyə və milli-mənəvi dəyərlərin təbliğinə xidmət edən fəaliyyəti ilə seçildiyini bildirib. İbrahim Nəbioğlu Həmayil Adıgözəlzadənin elmi uğurlarının onun zəhmətkeşliyi, prinsipiallığı və elmə sədaqətinin məntiqi nəticəsi olduğunu qeyd edərək, yeni monoqrafiyanın astronomiya elminə sanballı töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonda monoqrafiyanın müəllifi Həmayil Adıgözəlzadə çıxış edərək bu uğurda tədbirin təşkilində əməyi olan hər kəsə, o cümlədən elmi əəsərin hazırlanması prosesində ona dəstək göstərən həmkarlarına, elmi redaktora, rəyçilərə və mərasim iştirakçılarına minnətdarlığını bildirib. Müəllif qeyd edib ki, monoqrafiyanı orta məktəbdə ona "Azərbaycan dili və ədəbiyyatı" fənnini tədris etmiş müəllimi Larisa Yusubovaya ithaf edib. O vurğulayıb ki, məhz Larisa Yusubova onda elmə, mütaliəyə və bilik axtarışına marağın formalaşmasında xüsusi rol oynayıb, gələcək həyat yolunun müəyyənləşməsində dəyərli müəllim tövsiyələri və mənəvi dəstəyi ilə əvəzsiz iz buraxıb. Həmayil Adıgözəlzadə çıxışının sonunda bütün müəllimlərinə, ailəsinə və uzun illər ərzində elmi fəaliyyətində ona dəstək göstərən hər kəsə təşəkkürünü ifadə edib.
Təqdimat mərasiminin rəsmi hissəsindən sonra qonaqlar üçün təşkil olunmuş çay süfrəsi ətrafında səmimi fikir mübadiləsi aparılıb, iştirakçılar müəlliflə görüşərək monoqrafiya barədə təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, "Ae/Be Herbiq tipli ulduzlarının atmosferlərində fiziki proseslər" monoqrafiyası Ae/Be Herbiq tipli ulduzların atmosferlərində baş verən fiziki proseslərin kompleks şəkildə araşdırılmasına həsr olunub və bu istiqamətdə aparılan elmi tədqiqatların nəticələrini özündə əks etdirir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.