
Beynəlxalq tədqiqat qrupu Ceyms Vebb teleskopu vasitəsilə ən uzaq obyektlərə dair müşahidə materiallarını təhlil edərək erkən kainatda müşahidə olunan sirli “kiçik qırmızı nöqtələr”in nəzəri olaraq mövcudluğu ehtimal edilən “qara ulduzlar” ola biləcəyi qənaətinə gəlib. Tədqiqatçılar GLIMPSE-17775 obyekti üzərində araşdırma aparıb və onun “qara ulduz” ola biləcəyinə dair sübutlar aşkarlayıblar.
“Qara ulduzlar” dedikdə sıx və qismən ionlaşmış qaz buludunun içində gizlənmiş, sürətlə maddə udan və böyüyən massiv qara dəlik nəzərdə tutulur. Onların kainatın ilkin dövrlərində mövcud olduğu ehtimal edilsə də, indiyədək varlıqlarını sübut edəcək müşahidə faktı yox idi.
Teleskop müşahidələrə başladığı gündən əldə etdiyi materiallarda görünən “kiçik qırmızı nöqtələr” astronomların diqqətini cəlb edib. Bu obyektlər Böyük Partlayışdan təxminən 600 milyon ildən 2 milyard ilədək dövrdə müşahidə olunur. Onları izah etmək üçün bir neçə fərziyyə irəli sürülüb. Ən güclü namizədlərdən biri bu obyektlərin “qara ulduzlar” olmasıdır. Sonrakı dövrlərdə onların müşahidə olunmaması isə iki səbəblə izah edilə bilər: ya bu obyektlər çox qısa, lakin intensiv böyümə mərhələsindən sonra “sönür”, ya da mərkəzdəki massiv qara dəlik zamanla onu əhatə edən sıx qaz və tozu təmizləyir. Bu halda obyektin görünüşü dəyişir və o, aktiv qalaktikaya bənzəməyə başlayır.
GLIMPSE-17775 AbellS1063 qalaktika topasının arxasında yerləşir və biz onu Böyük Partlayışdan cəmi 1,8 milyard il sonrakı vəziyyətdə görürük. Obyektin müşahidəsi qravitasiya linzalanması vasitəsilə mümkün olub. Bu üsul sayəsində 20 saatlıq müşahidə müddəti təxminən 80 saatlıq müşahidə materialı effekti verib.
GLIMPSE-17775-in spektrində “kiçik qırmızı nöqtələr”in spektrlərində müşahidə olunan güclü Balmer qırılması daha zəif görünür. Tədqiqatçılar bunu GLIMPSE-17775-in böyük ana qalaktika ilə əhatə olunması ilə əlaqələndirirlər. Alimlər obyektin spektrinə əsasən onun sıx qaz örtüyü ilə əhatə olunduğunu düşünürlər. Çünki eyni zamanda obyektin spektrində çox sıx dəmir xətləri müşahidə olunsa da, rentgen şüalanması gözləniləndən zəifdir. Halbuki rentgen şüalanması qara dəliklər üçün xarakterik xüsusiyyətlərdən biridir. Bu hal qazın rentgen şüalanmasını udması ilə izah olunur. Qeyd olunan uyğunsuzluqların izahı, bu tip obyektlərin həqiqətən "qara ulduzlar" olmasının birmənalı təsdiqi üçün əlavə müşahidələrə və tədqiqata ehtiyac var.
Tədqiqat işi “The Astrophysical Journal” da dərc olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.