Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Roald Saqdeyev, REA Yer Fizikası İnstitutunun direktoru, REA-nın müxbir üzvü Sergey Tixotski, Yer Fizikası İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Oleq Poxotelov və AMEA Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olublar.
Gələn qonaqların iştirakı ilə seminar keçirilib. Əvvəlcə ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, elmi nəticələri haqqında qonaqlara məlumat verib, burada aparılan tədqiqat işlərindən danışıb.
Sonra ŞAR-ın şöbə müdiri, f-r.ü.f.d, dos. Canməmməd Rüstəmov nanopeyklərdə həll edilməsi nəzədə tutulan problemin aktuallığı və gözlənilən nəticələr haqqında məlumat verib, nanopeyklərdə qurulması planlaşdırılan teleskopun prinsipial sxemi, ayrı-ayrı komponentləri geniş müzakirə olunub.
Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Roald Saqdeyev çıxışında gələcək əməkdaşlıq perspektivlərindən danışıb.
Seminarda REA Yer Fizikası İnstitutunun direktoru, REA-nın müxbir üzvü Sergey Tixotskinin məruzəsi dinlənilib. O, Yer Fizikası İnstitutunun yaranma tarixi, bu günədək keçdiyi inkişaf yolu, ayrı-ayrı dövrlərdə elmi müəssisəyə rəhbərlik etmiş direktorlar haqqında məlumat verib. Bildirib ki, 90 yaşı olan institutun 600-ə yaxın əməkdaşı var. S.Tixotski institutda əsasən, geoloji, seysmoloji, elektromaqnit, geofiziki və s. istiqamətdə tədqiqatlar aparıldığını qeyd edib.
Seminar Yer Fizikası İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Oleq Poxotelovun çıxışı ilə davam edib.
Sonda məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıblar.
Rusiyalı qonaqlar rəsədxananın 2 m-lik teleskopu ilə tanış olublar. Onlara burada quraşdırılan müasir cihazlar haqqında məlumat verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.