
8 may 2026-cı il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Bakı və Şamaxı bölmələrində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Memarlıq, şəhərsalma və dövlətçilik: Heydər Əliyev irsinin müasir Azərbaycan modelində rolu” mövzusunda tədbir keçirilib.
Rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafında müstəsna xidmətlər göstərib. O qeyd edib ki, Ulu öndərin müəyyənləşdirdiyi siyasi kurs ölkədə sabitliyin təmin olunması, iqtisadi inkişafın sürətləndirilməsi, milli maraqların qorunması və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi baxımından fundamental əhəmiyyət daşıyıb.
N.Cəlilov vurğulayıb ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsində şəhərsalma və memarlıq məsələləri də xüsusi yer tutub. Onun rəhbərliyi dövründə Azərbaycanın şəhər infrastrukturunun inkişafı, memarlıq irsinin qorunması və müasir urbanizasiya prinsiplərinin tətbiqi istiqamətində mühüm addımlar atılıb. Bildirilib ki, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması da bu strateji xəttin davamı kimi xüsusi əhəmiyyət kəsb edir.
Baş direktor qeyd edib ki, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyədə də diqqət mərkəzindədir. Bu baxımdan 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu – WUF13 ölkəmizin qlobal urbanizasiya, dayanıqlı inkişaf və müasir şəhər idarəçiliyi sahəsində artan rolunun göstəricisidir. O bildirib ki, belə mötəbər beynəlxalq platformaya ev sahibliyi etmək Azərbaycanın şəhərsalma, memarlıq və dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
“Elmi əlaqələr və təşkilati məsələlər” şöbəsinin müdiri, f.r.f.d. Kamal Hüseynov çıxışında Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən biri olan azərbaycançılıq ideologiyasının milli kimliyin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və xalqın birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib. O bildirib ki, bu ideologiya müstəqil dövlətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynayıb.
“Planetlər və kiçik səma cisimləri” şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev çıxışında qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi dövründə elm, təhsil və milli kadr potensialının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. O vurğulayıb ki, bu siyasət müasir Azərbaycanın elmi inkişafı üçün möhkəm təməl formalaşdırıb.
Şamaxı bölməsində keçirilən analoji tədbirdə rəsədxananın icraçı direktoru, professor Nəriman İsmayılov çıxış edərək qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin siyasi irsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O bildirib ki, Ulu öndərin rəhbərliyi ilə formalaşdırılan inkişaf strategiyası ölkənin müxtəlif sahələrində sistemli islahatların həyata keçirilməsinə, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və uzunmüddətli inkişaf prioritetlərinin müəyyənləşdirilməsinə imkan yaradıb.
Nəriman İsmayılov vurğulayıb ki, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri bu gün də öz aktuallığını qoruyur və Azərbaycanın davamlı inkişaf modelinin əsas istiqamətlərindən biri kimi çıxış edir. O qeyd edib ki, ölkəmizdə şəhərsalma və memarlıq sahələrinə göstərilən diqqət, müasir infrastruktur layihələrinin həyata keçirilməsi, tarixi-mədəni irsin qorunması və urbanizasiya proseslərinin düzgün idarə olunması dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Daha sonra ŞAR-ın baş mühəndisi Zaur Ağayev çıxış edərək qeyd edib ki, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətinə toxunaraq, memarlıq, şəhərsalma və dövlətçilik prinsiplərinin müasir Azərbaycanın inkişaf modelində tutduğu yerdən bəhs edib. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsipləri müasir Azərbaycanın dayanıqlı inkişaf modelinin əsasını təşkil edir. Ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri və şəhərsalma sahəsində aparılan islahatlar Ulu öndərin inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir.
Növbəti çıxışçı – rəsədxananın "Kadrlar" şöbəsinin müdiri Vüsalə Mütəllimova öz nitqində Ümummilli liderin zəngin siyasi irsinin gələcək nəsillər üçün mühüm mənəvi və strateji yol göstəricisi olduğunu vurğulayıb. O qeyd edib ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası müasir Azərbaycanın elmi, sosial və institusional tərəqqisinin əsas istiqamətlərinin formalaşmasında mühüm rol oynayıb.
Çıxışların yekununda Ulu öndərin keçdiyi şərəfli ömür yolundan bəhs edən video-çarx nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra rəsədxanada əməkdaşları Ümummilli liderin Şamaxı şəhərində yerləşən abidəsini ziyarət edib, monumentin önünə tər gül dəstələri qoyublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.